
“Burada həmişə böyük dəstəy hiss edirəm. Gəlib bizi dəstəkləyən hər kəsə sonsuz təşəkkürümü bildirirəm — karateçilərimiz çox yaxşı nəticə göstərdilər. Hamını təbrik edirəm”.
Sportnet.az-ın məlumatına görə, bunu Olimpiya mükafatçısı və dəfələrlə dünya və Avropa çempionu olmuş İrina Zaretska III MDB Oyunlarında karate yarışlarında qızıl medal qazanması barədə danışarkən deyib.
Analıq məzuniyyətindən sonra ikinci böyük yarışında qızıl medal qazanmış 29 yaşlı idmançı bildirib ki, yenidən zirvəyə qayıtmaq üçün çox ciddi şəkildə çalışıb.
Mübarizənin çətinliyi ilə bağlı suala cavabında o deyib: “Döyüşlərim 8:0, 8:1 və 4:2 hesabı ilə başa çatdı — yəni hər şeyi tatamidə göstərdim”.
Motivasiya ilə bağlı suala cavab verərkən isə vurğulayıb: “Çempionlar — bir dəfə qalib gələnlər deyil, çempionlar — qələbə ilə kifayətlənməyənlərdir.
Mən məhz belə insanlardanam. Hər bir qələbə mənim üçün daha bir pillədir. Adımın tarixdə unudulmaz və dərin iz buraxmasını istəyirəm.Çoxlu qələbələr, çoxlu rəqəmlər — məni irəli aparan əsas motivasiyam budur”.