“Böyüklər arasında keçirilən reytinq turnirində bürünc medal qazandığım üçün çox sevincli və qürurluyam".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan qadın güləşçisi Zəhra Kərimzadə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş reytinq turnirində 72 kq çəki dərəcəsində bürünc medal qazanması barədə federasiyanın rəsmi saytına danışarkən deyib.
18 yaşlı idmançı çıxışlarını dəyərləndirib: "İlk görüşdə türkiyəli olimpiya mükafatçısı Buse Tosunla qarşılaşdım. Məğlub olsam da, ruhdan düşmədim. Bürünc medal uğrunda Yaponiya təmsilçisi ilə güləşdim. Titullu rəqiblə qarşılaşacağımı bilirdim. Məşqçilərimiz məni psixoloji və taktiki cəhətdən görüşə yüksək səviyyədə hazırladı. Onların verdiyi motivasiya nəticəsində qarşılaşmaya tam hazır oldum. Mübarizəmiz gərgin keçdi. Sona kimi güləşdim və qalib oldum. Üzərimdə əziyyəti olan baş məşqçimizə, federasiyamıza və şəxsi məşqçimə təşəkkür edirəm. Növbəti yarışlarda bürünc medalı qızıl medalla əvəz edərəm”.
Qeyd edək ki, Zəhra Kərimzadə 2024-cü ildə yeniyetmələr arasında dünya və Avropa çempionatlarının bürünc medalını qazanıb. O, Zaqrebdəki reytinq turnirində ilk dəfə böyüklər arasında fəxri kürsüyə qalxıb. 1/4 finalda olimpiya mükafatçısı, dünya və Avropa çempionu Buse Tosuna 0:2 hesabı ilə məğlub olan Kərimzadə üçüncü yer uğrunda qarşılaşmada gənclər arasında dünya və böyüklər arasında Asiya çempionu Mahiro Yoşitakeyə (4:1) qalib gəlib.








































































