Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirində Azərbaycan milli komandası aktivinə daha bir qızıl medal yazdırıb.
Sportnet.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən Ömər Rəcəbli karyerasında ilk dəfə analoji yarışda qızıl medal sevinci yaşayıb.
23 yaşlı cüdoçu finala gedən yolda Rumıniya, Tacikistan, Yaponiya və Özbəkistan təmsilçilərini mübarizədən kənarlaşdırıb, həlledici qarşılaşmada isə Rusiya idmançısı Abdul-Kerim Tasuyevə tam üstünlüklə qalib gəlib.
Maraqlıdır ki, Ömər turnir ərzində keçirdiyi 5 görüşün 4-də rəqiblərini ne-vazada osaekomi (saxlama) texnikası ilə məğlub edib. Bu nəticə həm də 22 yaşlı idmançının Dünya Turunda ilk qızıl medalı kimi tarixə düşüb.
Xatırladaq ki, turnirin ilk günündə milli komanda üzvlərindən Əhməd Yusifov (60 kq) qızıl, Balabəy Ağayev (60 kq) isə gümüş medal qazanıb. Hazırda hesabında 2 qızıl və 1 gümüş olmaqla 3 medalı olan Azərbaycan ümumi sıralamada 39 ölkə arasında ikinci pillədə yer alıb.




























































































