Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında sərbəst güləşçilərin mübarizəsinə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan millisi daha 3 medal əldə edib.
92 kq çəki dərəcəsində yer alan Ali Tsokayev finalda türkiyəli Fatih Altunbaşa tam üstünlüklə (11:0) qalib gələrək Avropa çempionu olub.
Bu, Azərbaycan millisinin qitə birinciliyində yeganə qızıl medalı olub.
Daha 2 finalçıdan Ceyhun Allahverdiyev (61 kq) finalda ermənistanlı Levik Mikayelyana 1:2, Yusif Dursunov rusiyalı Xabib Davudqadjiyevə 1:4 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib.
Ağanəzər Novruzov (74 kq) və Vasif Xudiyev (86 kq) isə bürünc medal görüşlərində müvafiq olaraq, gürcüstanlı Saba Kobaxidzeyə 4:7 və Fransa təmsilçisi Raxim Maqamadova 0:10 hesabı ilə uduzaraq, medalsız qalıblar.
Beləliklə, Azərbaycan sərbəst güləş millisi Avropa çempionatını 1 qızıl, 4 gümüş, 3 bürünc medalla və 170 xalla ümumi komanda hesabında 2-ci yerdə başa vurub.
Daha əvvəl Vasif Bağırov (57 kq) və Səbuhi Əmiraslanov (79 kq) gümüş, Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq) və Zəfər Əliyev (97 kq) bürünc medal əldə edib. Rusiya 199 xalla birinci, Ermənistan 116 xalla 3-cü olub.












































































