Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatının 5-ci günündə Azərbaycanın iki qadın güləşçisi həlledici görüşə çıxıb.
Sportnet.az xəbər verir ki, Nərgiz Səmədova (53 kq) bürünc medal görüşündə türkiyəli Şevval Çayıra 0:12 hesabı ilə uduzaraq, beşinci yerlə kifayətlənib.
Ruzanna Məmmədovanın (62 kq) final görüşü gərgin mübarizə şəraitində keçib. Rusiyalı Amina Tandelovaya 3:5 hesabı ilə məğlub olan azərbaycanlı güləşçi gümüş medalla kifayətlənib.
Beləliklə, qadın güləşi üzrə milli qitə birinciliyini 3 medalla başa vurub.
Xatırladaq ki, martın 12-də Günay Qurbanova (59 kq) qızıl, Gültəkin Şirinova (55 kq) isə gümüş medal qazanıb.













































































