Gürcüstanın tanınmış cüdoçusu Laşa Şavdatuashvili Tbilisidə keçirilən Avropa çempionatında 13 ildən sonra yenidən qızıl medal qazanıb.
Sportnet.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan 34 yaşlı idmançı karyerasında ikinci dəfə qitə çempionu adını qazanaraq növbəti böyük uğuruna imza atıb.
Olimpiya Oyunlarında bütün əyarlı medalları qazanan, dünya və Avropa çempionu olan təcrübəli cüdoçu doğma azarkeşlər önündə emosional anlar yaşayıb.
Şavdatuashvili qələbədən sonra sevincini gizlətməyib: “Bu, möhtəşəm gündür. Olimpiadadan sonra bəzi yarışlarda uduzdum. Amma bu gün ikiqat Avropa çempionu oldum. Bu, gənc nəsil üçün vacib mesajdır – heç vaxt təslim olmayın. İstər yaşlı olum, istər gənc, hər zaman ölkəm üçün ən yaxşı nəticəni göstərirəm. Gürcüstanda ikinci Avropa qızıl medalımı qazandığım üçün çox xoşbəxtəm və qürurluyam”.
“Bəzən yarışda uduzanda düşünürəm ki, bəlkə də artıq karyeramı başa vurmalıyam. Amma bu gün Avropa çempionatında necə döyüşə bildiyimi göstərdim. Bu da gənc nəslə göstərdi ki, heç vaxt təslim olmaq olmaz. Həqiqətən, geri dönüş arzuları gerçəkləşir”, - deyə gürcü cüdoçu əlavə edib.
Finalda onun rəqibi Azərbaycan təmsilçisi, Olimpiya çempionu Hidayət Heydərov olub. Şavdatuaşvili həlledici görüş barədə də danışıb: “Məşqçimlə birlikdə final üçün taktika hazırlamışdıq. Azərbaycanın Olimpiya çempionuna qarşı finalda çıxış etməkdən çox məmnun idim. Ən yaxşı döyüşümü göstərdim və çempion oldum. Hazırda 34 yaşım var, amma bunun əhəmiyyəti yoxdur. Bu, sadəcə rəqəmdir”.
Təcrübəli idmançı motivasiyasını da açıqlayıb: “Yarışın səviyyəsindən asılı olmayaraq, həmişə ən yaxşı nəticəmi göstərməyə çalışıram. Hər şeyi edirəm, başqalarını və ya hakimləri günahlandırmıram. Sadəcə ən yaxşı çıxışımı etmək istəyirəm və inanıram ki, hər şeyimi ortaya qoyanda uğur gələcək”.












































































