Azərbaycan sərbəst güləş millisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının qalibi olub.
Sportnet.az xəbər verir ki, Xetaq Qazyumovun baş məşqçi olduğu kollektiv yarışı 152 xalla 1-ci pillədə başa vurub.
Gürcüstan 94 xalla 2-ci, Ermənistan 73 xalla 3-cü yeri tutub.
Azərbaycan sərbəst güləş millisi Avropa çempionatında 3 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıb. İslam Bazarqanov (57 kq), Ali Tsokayev (92 kq) və Giorgi Meşvildişvili (125 kq) qızıl, Turan Bayramov (74 kq) və Arseni Cioyev (86 kq) gümüş, Cəbrayıl Hacıyev (79 kq) bürünc medala yiyələnib.
Milli Albaniyada medalların əyarına görə, son 17 ilin ən yaxşı nəticəsinə imza atıb. 3 qızıl, 2 gümüş və 1 bürünc medal 2009-cu ildən bu yana Avropa çempionatında sərbəst güləşdə ölkənin ən yaxşı göstəricisidir.
Bu, 6-cı Avropa çempionluğu olub. Daha əvvəl 2009, 2017, 2022, 2023 və 2025-ci illərdə analoji nailiyyət əldə edilib.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın yunan-Roma güləşi üzrə millisi də komanda hesabında Avropa çempionu olub. Beləliklə, Azərbaycan 2022 və 2025-ci illərdə olduğu kimi, həm yunan-Roma, həm də sərbəst güləş üzrə komanda hesabında Avropa çempionu olaraq qızıl dubla imza atıb.
















































































