1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Güləşçilərimizin Göygöl toplanışından geniş REPORTAJ - FOTOLAR
Azərbaycanın 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında əsas, ümumilikdə isə ənənəvi medal ümidi hesab edilən güləşçilərimiz dördilliyin əsas yarışına hazırlıqları davam etdirir. Hazırlıq çərçivəsində üç həftə Göygöldə olan pəhləvanlarımız Olimpiya Kompleksində güclü Kuba yığması ilə birgə təlim-məşq toplantısına iştirak ediblər. Sərbəst güləşçilər Saypulla Apsaidov və Firdosvi Umudovun, yunan-Roma güləşçılari isə Cəmşid Xeyrəbadinin rəhbərliyi altında məşq keçiblər.
Mayın 27-də bir qrup media əməkdaşı pəhləvanlarımızın hazırlığı ilə bağlı Göygölə səfər edib. Sportnet.az məşqdən reportajı təqdim edir.
Yunan-Romaçıların heyətində olimpiadaya iddialı bütün güləşçilər yer alırdı. Bir neçə çəkidə isə hətta 3-4 idmançı vardı. Lisenziya qazanan və iştirak baxımından daha şanslı görünən idmançılarla yanaşı, Elçin Əliyev, Rafiq Hüseynov, İslam Abbasov kimi tanınmış yığma üzvləri də təlim-məşq toplanışına qatılmışdı.
Uzun müddətdir döşəkdən uzaq düşən Elçin Əliyevin qayıdışı xüsusi diqqət çəkdi. İkiqat Avropa çempionumuzun yığmadan uzaq düşməsi birmənalı qarşılanmırdı. Sözügedən məsələ media və idman ictimaiyyəti arasında kifayət qədər müzakirə olunurdu. Səbəb kimi E.Əliyevin uzun saqqalını qısaltmaqdan imtinası göstərilirdi. Amma Göygöldəki məşqdə onun uzun saqqalı gözə dəymirdi. Çəkisində Rövşən Bayramovun iştirakı qəti olsa da, E.Əliyev məşqdə xeyli səy göstərir, C.Xeyrəbadinin tapşırıqlarını artıqlaması ilə yerinə yetirirdi.
Məşqi izləyərkən, o da məlum oldu ki, 85 kq çəki dərəcəsində olimpiadada iştirak edəcəyi gözlənilən son dünya üçüncüsü Saman Təhmasibi bir gün əvvəlki hazırlıq prosesində ayağından zədələnib və qeyri-müəyyən müddətə sıradan çıxıb.
İranlı mütəxəssis səhər proqramında sadəcə, stadionboyu qaçış, axşam proqramında isə kubalılarla birgə məşq həyata keçirdi. Xeyli gümrah görünən və ruh yüksəksiliyi hiss olunan pəhləvanlarımız jurnalistlərə açıqlamasında iddialı danışdılar.
Son iki Yay Olimpiya Oyunlarının və ABŞ-ın Las-Veqas şəhərindəki dünya çempionatı da daxil olmaqla, mundialların ikiqat gümüş mükafatçısı, 2011-ci ilin dünya, 2007 və 2008-ci illərin Avropa çempionu Rövşən Bayramov karyerasının üçüncü olimpiadasında hədəfinin yalnız qızıl medal olduğunu dilə gətirdi: "İki dəfə gümüş mükafat qazanmışam. Təbii ki, hazırda əsas hədəfim məhz olimpiya çempionluğudur. Əlimdən gələni edəcək, var-gücümlə çalışacağam ki, qızıl medal qazanım. Düzdür, indi əvvəlkindən daha çətindir. İki çəkini - 55 və 60 kq-ı birləşdirib 59 kq ediblər. Bu da hər iki çəkinin iddialılarının bir yerə toplanması deməkdir. Üstəlik, 60 kq-dan gələnlərin normal çəkiləri çox olduğundan, işimiz bir qədər də çətinləşir. Ancaq bunun bir yaxşı cəhəti də var ki, bu da çəkisalmada çox əziyyət çəkməməyimizlə bağlıdır".
İkiqat vitse-olimpiya çempionu son dünya çempionatında yenildiyi, hazırda birgə məşq keçdiyi Kuba güləşçisi İsmael Borreronun zəif nöqtələrini öyrəndiyini, olimpiadada qarşılaşacağı təqdirdə, qalib gələcəyinə inandığını bildirdi.
Daha bir medal ümidimiz Rəsul Çunayev rəqiblərinin kifayət qədər ciddi, 66 kq çəki dərəcəsində xeyli sayda dünya və Avropa çempionlarının olduğunu deyərək, mübarizənin asan keçməyəcəyini, ancaq məqsədininin yalnız qızıl medal olduğunu dedi: "Çəkimdə 5-6 dünya çempionu var. Serbiya, Almaniya, Cənubi Koreya, Iran, Rusiya və dəfələrlə məğlub olduğum Macarıstan təmsilçiləri çox güclü rəqiblərdir. Onların hər biri üzərində məşqçilərlə birlikdə ayrılıqda analiz aparırıq. Mənim məqsədim yalnız çempionluqdur. Bunun üçün çalışacağam. Gümüş və bürünc medallar qardaşdır. Yəni, digər əyarlı medal mənim üçün o qədər fərq etməyəcək".
Son dünya çempionatında beşinci olmaqla lisenziynı təmin edən, Çunayevlə birlikdə yunan-Roma güləşi üzrə yığmanın heyətində I Avropa Oyunlarının qızıl medalını qazanan Elvin Mürsəliyev də özünə çox inanır: "Komanda olaraq çox yaxşı məşq keçdik. Məşqlərin olimpiadada bəhrəsini verəcəyinə inanıram. Mənim də məqsədim digər idmançılar kimi, medal qazanmaqdır və bunu bacaracağıma inanıram".
"İdmançılar həvəslə və var gücləri ilə məşq edirlər. Olimpiya Oyunlarında iştirak edəcək idmançılarımızın hamısının medal şansı böyükdür". Bunu isə yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Cəmşid Xeyrəbadi jurnalistlərə açıqlamasında dedi. Təlim-məşq toplanışını dəyərləndirən mütəxəssis komandanın məşqlərinin yüksək səviyyədə təşkil edildiyini və idmançıların 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında yüksək nəticə göstərəcəklərinə inandığını bildirdi: "Federasiya toplanış üçün hər cür şərait yaradıb və hazırlıq normal keçib. İnanıram ki, güləşçilərimiz "Rio-2016"da yeni tarix yazacaqlar".
Sərbəst güləş yığmasının heyəti nisbətdə daha zəngin idi. Daha titullu olan sözügedən yığmanın heyətində onadək Avropa çempionu, Toğrul Əsgərov, Hacı Əliyev, Cəbrayıl Həsənov, Xetaq Qazyumov, Şərif Şərifov kimi məşhur pəhləvanlar təlim-məşq toplanışında iştirak edirdi. Məşqçilər korpusu həm səhər, həm də axşam proqramında kubalılarla birlikdə müxtəlif hərəkətləri icra etdirdi. Xüsusi diqqət çəkən məqam isə ən yüngül çəkidə lisenziya sahibi Mircəlal Həsənzadə ilə ikiqat dünya çempionu Hacı Əliyevin görüş əsnasında yoxlanışı idi. Saypulla Apsaidovun xüsusi diqqət ayırdığı mübarizədə H.Əliyev açıq-aşkar üstün təsir bağışlayırdı ki, bu da fövqəladə hal baş verməzsə, olimpiadaya 57 kq çəkidə məhz onun yollanacağına dəlalət edirdi.
Axşam məşqindən sonra Azərbaycan və Kuba güləşçiləri arasında yoldaşlıq görüşü baş tutdu. Görüşü millimiz 7:2 hesablı qələbə ilə tamamladı. Sərbəst güləş yığmamızın üzvləri "klassik" həmkarlarına nisbətdə bir qədər ehtiyatlı danışdı.
Son olimpiya çempionu Toğrul Əsgərov: "Mən heç vaxt sözdə yalançı çıxmaq istəmərəm. Heç bir güləşçiyə 100 faiz təminat yoxdur ki, o çıxıb xalçada qalib gələcək. İdmandır, hər şey ola bilər. Bəzən böyük yarış ərəfəsində alınan bir zədə qarşıya qoyulan hədəfi heç edir. 4 il bundan qabaq heç kimin ağlına gəlməzdi ki, finalda 4 qat dünya çempionuna qalib gələm. Hər şey mümkündür. Olimpiya Oyunları sensasiyaları sevir. Məşqçilər heyəti mənə şans verərsə, məqsədim odur ki, çıxıb əlimdən gələni ortaya qoyum: Azərbaycan tarixində ilk dəfə ikiqat olimpiya çempionu olum".
Son iki olimpiadanın bürünc mükafatçısı Xetaq Qazyumov, nəhayət, "bürünc" "qızıl"a çevirmək istəyir: "Hazırlığımız yüksək səviyyədə oldu. Kubalı həmkarlarımızla sınaq matçı da xeyrimizə işlədi. Pekin və London olimpiadalarında bürünc medal qazandım. Sonrakı mötəbər yarışlar, o cümlədən, "Bakı-2015"də baş mükafata sahib çıxdım. İndi karyeramın qurub çağını yaşayıram. Yenə fərqlənmək istəyim var. Bu yaşadək məni idmanda saxlayan da budur. "Rio-2016"da bütün rəqiblərimə hörmətlə yanaşıram. Ora vəsiqə qazanıblarsa, demək, güclüdürlər. Son hədəfim, olimpiya "bürünc"ünü "qızıl"a çevirməkdir".
Hacı Əliyev isə olimpiadada iştirak edəcəyi təqdirdə uğurlu çıxış edəcəyinə inanır: "Məşqlər yüksək səviyyədədir. Hazırda özümü yaxşı formada hiss edirəm. Olimpiadadakı rəqiblərimə gəlikdə, Gürcüstan və iranlı həmkarlarım güclüdürlər. Amma bu, əsas vermir ki, onlardan çəkinəm. Çox güman, Rio-de-Janeyroya yollanacaq heyət gələn ay bilinəcək. Məşqçilər korpusu şans verərsə, ölkəmizi Braziliyada da uğurla təmsil etməyə çalışacağam".
"Olimpiya Oyunlarına 2 aydan bir qədər artıq vaxt qalır. Hazırda intensiv hazırlıq mərhələsindəyik". Bu sözləri sərbəst güləş üzrə Azərbaycan yığmasının baş məşqçisi Saypulla Apsaidov Kuba güləşçiləri ilə yoldaşlıq görüşündən sonra dedi.
S.Apsaidov bu cür təlimlərin keçirilməsinin yığmamız üçün çox faydalı olduğunu söylədi: "Olimpiya Oyunlarına 2 aydan bir qədər artıq vaxt qalır. Artıq intensiv hazırlıq mərhələsindəyik. İyunda yoxlama xarakterli beynəlxalq turnirdə idmançılarımızı sınayacağıq. Bundan sonra "Rio-2016"ya əsas hazırlıq mərhələsinə qədəm qoyacağıq. Ötən olimpiadada 2 qızıl medal qazanmışdıq. Bu, hər bir komandanın arzusunda olduğu nəticədir. Heyətimizdə kifayət qədər titullu idmançılar var. Bu dəfə də çalışacağıq ki, nəticəmiz yüksək olsun".
Sahib ƏSƏDBƏYLİ
Yazı AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb.