Dekabrın 1-də Sumqayıt Olimpiya İdman Mərkəzində Qara və Xəzər dənizi ətrafı ölkələrin növbəti çempionatı start götürəcək.
Sportnet.az Azərbaycan Milli Karate Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 3-dək davam edəcək yarışda 7-12 yaşlı uşaqlar, yeniyetmə və gənclər, böyüklər, eləcə də veteran idmançılar iştirak edəcək. Fərdi yarışlardan başqa hər bir yaş dərəcəsində kata və kumite üzrə komanda çıxışları da keçiriləcək. Turnirin ilk günü 7-12 yaşlı uşaqlar, ertəsi gün yeniyetmələr, gənclər və veteranlar, bazar günü isə böyüklər tatamiyə çıxacaq.
Qara və Xəzər dənizi ölkələri Karate Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda hələlik Türkiyə, İran, İraq, Rusiya, Özbəkistan və Gürcüstan komandalarının da mübarizə aparacağı məlumdur.