Azərbaycan karateçiləri Rusiyanın Soçi şəhərində yeniyetmə və gənclər arasında keçirilən Avropa çempionatında medalların sayını 4-ə çatdırıblar.
Sportnet.az-ın məlumatına görə, ikinci yarış günündə 16 - 18 yaşlı gənclərin mübarizəsində Hümmət Baxşəliyev (61 kq) qızıl medal qazanıb. Yeniyetmələr arasında Avropa üçüncüsü, hazırkı yaş qrupunda isə dünya ikincisi olan Baxşəliyevdən başqa, daha bir idmançı çempionluğunu son saniyədə əldən verib. Rusiyalı rəqibi ilə final görüşündə müəmmalı xal itkisi Mədinə Sadıqovaya gənc karyerasının ilk gümüş medalını qazandırıb.
Ötən gün, həmçinin qitə çempionatının təntənəli açılış mərasimi keçirilib. Turnirin təşkilatçıları və Avropa Karate Federasiyasının rəsmiləri çıxış edərək idmançılara uğurlar arzulayıb, olimpiya idman növü olduqdan sonra karatenin dünyada daha da populyarlaşdığını xüsusi qeyd ediblər. Çıxışların ardından rəsmi tədbir bədii hissə və yarışın final görüşləri ilə davam edib.
Hələlik ümumi nəticədə 3 qızıl və 1 gümüş medalla Azərbaycan mükafat qazana bilən 28 ölkə arasında 5-ci yeri tutub. Daha 8 idmançı bu gün mübarizəyə qatılacaq. 18 - 20 yaşlı gənclər arasında kumite yarışlarında Ülvi Qurbanov (60 kq), Hüseyn Əliyev (67 kq), Ruslan Əhmədov (75 kq), Murad Balakişiyev (84 kq), Murad Hacızadə (+84 kq), Asiya Məlikova (50 kq), Aytac Əliyeva (55 kq) və Fəridə Əliyeva (+67 kq) tatamiyə çıxacaq.
Soçidə 14 - 18 yaşlı yeniyetmə və gənclərin 45-ci, 18 - 21 yaşlı gənclər arasında isə 10-cu qitə çempionatında 44 ölkədən 956 idmançı iştirak edir.