Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı başa çatıb.
Sportnet.az xəbər verir ki, yarışın sonuncu günündə 61 kq, 74 kq, 86 kq, 92 kq və 125 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçilər qüvvələrini sınayıb. Azərbaycan güləşçiləri günü 2 gümüş və 1 bürünc medalla başa vurub.
Mübarizəyə 1/4 finaldan qoşulan Mircəlal Həsənzadə (61 kq) və Şərif Şərifov (92 kq) rəqiblərini tam üstünlüklə məğlub edərək yarımfinala vəsiqə qazanıb. Həsənzadə finala vəsiqə uğrunda uduzaraq bürünc medal uğrunda qarşılaşmaya çıxıb. Lakin o, Rumıniya təmsilçisinə uduzaraq, çempionatı beşinci sırada tamamlayıb.
86 kq-da yarışan Aleksandr Qostiyev Bolqarıstan və Almaniyadan olan rəqiblərinə qalib gələrək yarımfinala yüksəlib. Gürcüstan idmançısını da məğlub edən Qostiyev finalda Rusiya təmsilçisi ilə qarşılaşıb. Gərgin keçən görüş 1:1 hesabı ilə bitsə də, son xalı rəqib qazandığından, azərbaycanlı pəhləvan gümüş medalla kifayətlənib.
92 kq-da mübarizə aparan Şərif Şərifov yarımfinalda Türkiyə idmançısına heç bir şans verməyib və finala vəsiqə qazanıb. Həlledici görüşdə onun rəqibi Rusiya idmançısı Abdulraşid Sadullayev olub. Minimal fərqlə görüşü uduzan Şərifov Avropa çempionatının gümüş medalına yiyələnib.
125 kq-da mübarizə aparan Cəmaləddin Məhəmmədov təsəlliverici görüşdə Belarus təmsilçisinə qalib gəlib və bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə Rusiya təmsilçisinə də qalib gələn Məhəmmədov fəxri kürsüyə yüksəlib.
61 kq
Bürünc medal görüşü: İvan Guidea (Rumıniya) - Mircəlal Həsənzadə - 5:2
1/2 final. Mircəlal Həsənzadə - Beka Lomtadze (Gürcüstan) - 0:12
1/4 final. Rendi Vok (İsveçrə) - Mircəlal Həsənzadə - 0:10
74 kq
1/8 final. Coşqun Əzimov - Andrius Majeyka (Litva) - 6:8
86 kq
FİNAL: Aleksandr Qostiyev - Artur Nayfonov (Rusiya) - 1:1*
1/2 final. Aleksandr Qostiyev - Sandro Aminaşvili (Gürcüstan) - 6:0
1/4 final. Aleksandr Qostiyev - Ahmed Dudarov (Almaniya) - 6:0
1/8 final. Aleksandr Qostiyev - Mehmet Remiz Qazi (Bolqarıstan) - 10:0
92 kq
FİNAL: Şərif Şərifov - Abdulraşid Sadullayev (Rusiya) - 1:2
1/2 final. Şərif Şərifov - Serdar Böke (Türkiyə) - 10:0
1/4 final. Nikolay Çeban (Moldova) - Şərif Şərifov - 0:10
125 kq
Bürünc medal görüşü. Cəmaləddin Maqomedov - Muradin Kuşkov (Rusiya) - 3:0
Təsəlliverici görüş: Cəmaləddin Maqomedov - İbrahim Saidov (Belarus) - 3:2
1/4 final. Cəmaləddin Maqomedov - Taha Akgül (Türkiyə) - 2:4
Beləliklə, Azərbaycan sərbəst güləşçiləri Avropa çempionatını ümumilikdə 2 qızıl, 2 gümüş, 4 bürünc medalla başa vurublar. Ötən gün Georgi Edişeraşvili (57 kq) və Hacı Əliyev (65 kq) qızıl, Murtuz Müslimov (70 kq), Cəbrayıl Həsənov (79 kq) və Nurmaqomed Hacıyev (97 kq) bürünc medala yiyələnib.