Ulduzların kölgəsində gizlənən baş məşqçi
Qadın güləşində cəmi 2 lisenziya da olimpiadalar tarixində ən aşağı göstəricimizdir. Bu növdə təmsil olunmağa başladığımız 2008-ci il Pekin Yay Olimpiya Oyunlarından sonra ən pis halda 3 lisenziyamız olub.
Bu gün Elis Manolovanın qazandığı lisenziya ilə nə federasiya, nə də baş məşqçi Aslan Ağayev öyünməlidir. Çünki Manolova bu lisenziyanı indi yox, hələ 2 il əvvəl Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında əldə etməli idi.
Lakin həmin vaxt federasiya və məşqçilər heyəti, nədənsə, Manolovanı yarışa olimpiya yox, qeyri-olimpiya çəkisində buraxmağı məqsədəuyğun saymışdı. Belə bir absurd qərarın səbəbi nə idi? Bu gün "Bir lisenziya da qazandıq" demək üçünmü?
Avropa çempionatından sonra baş məşqçi Aslan Ağayev "Report"a müsahibəsində hər sualın cavabında Mariya Stadnikin qızıl medalının kölgəsində gizlənməyə cəhd edirdi. Sanki Stadnik elə ilk gündən Ağayevin yetirməsi olubmuş, onu dünya səviyyəsinə bu adam çatdırıbmış.
Mariya Stadnik əri və şəxsi məşqçisi Andrey Stadniklə müəmmalı şəkildə yollarını ayırmasaydı və yenə həmin şəxsin rəhbərliyi altında məşq etsəydi, millimizin baş məşqçisi kimin "uğur"unun kölgəsində gizlənəcəkdi: çıxış etmədiyi idman növü qalmayan Gözəl Zutovanınmı?
O vaxtı bilmirəm, indi də danışmağa söz tapacaq. Manolova lisenziya qazanıb axı...
Görək, yunan-Roma güləşində nələr edə biləcəyik? Nədənsə, "klassik"kərə ümidim böyükdür. Baxmayaraq ki, indiyədək cəmi 1 lisenziya qazana biliblər...