Azərbaycanı Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil etmiş kişi karateçilər Firdovsi Fərzəliyev və Rafael Ağayev Rusiyanın paytaxtı Moskvadakı Karate1 Premyer Liqada iştirakdan imtina ediblər.
Fərzəliyev "Report"a açıqlamasında səbəb kimi çəki dərəcəsini dəyişdirməsini göstərib.
"Əvvəllər 60 kq-da döyüşürdümsə, indi 67 kq-a qalxmışam. 60 kq-da yetərincə reytinqim var idi. Yeni çəkimdə isə bu olmadığı üçün iştirak etməmişəm. 67 kq-a yeni keçmişəm, müəyyən yarışlara qatılmalıyam ki, Premyer Liqa turnirində vuruşa bilim" deyə 28 yaşlı idmançı bildirib.
Fərzəliyev noyabrda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək dünya çempionatına qatılmaq istədiyini diqqətə çatdırıb: "Son qərarı millinin məşqçiləri verəcək. İndidən desəm ki, iştirak edəcəyəm, düzgün olmaz. Çünki yekun qərarı baş məşqçi verəcək".
Təcrübəli karateçi Tokio-2020-də medal qazana bilməməsini isə döyüşlərinin istədiyi kimi alınmaması ilə əlaqələndirib: "Olimpiadaya qatılan hər bir idmançı medalla dönmək istəyir. Bütün iştirakçılar qızıl medal üçün gedir. Heç kim ikinci və üçüncü yeri fikirləşmir. Kimin qismətində medal varsa, o da əldə edir. Olimpiadada hətta qızıl medal qazanacağıma da inanırdım. Çox yüksək formada idim, amma döyüşlər istədiyim kimi getmədi".
Tokio-2020-də 75 kq çəki dərəcəsində çıxış etmiş Rafael Ağayevin Premyer Liqadan kənarda qalmasının səbəbi isə müəmmalı qalıb. Ağayev sifariş olunduğu yarışdan son anda imtina edib.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov "Report"a açıqlamasında titullu idmançının qərarının səbəbini bilmədiyini söyləyib: "Rafael olimpiadadan yenicə qayıdıb və tam özünə gəlməyib. Yəqin ki, ya yorğun olub, ya da zədə üzündən yarışa qatılmayıb. Özü ilə Moskvadakı turnirdən əvvəl danışmışdım. Mənə demişdi ki, özümü yaxşı hiss etsəm, Rusiya paytaxtına yollanacağam. Yəqin ki, tam formada olmayıb. Bildiyiniz kimi olimpiadada yüklənmə çox olur. Böyük ehtimalla Tokio olimpiadasından sonra özünə gəlməyib. Qarşıdakı əsas yarışımız dünya çempionatıdır. Təbii ki, burada iştirak daha önəmlidir. Rafael də özünü qorumaq məqsədilə bu addımı ata bilər".
Bəşirov Ağayevin karyerasını bitirmək barədə düşünmədiyini sözlərinə əlavə edib: "Rafael Ağayev mətbuata açıqlamasında və mənimlə söhbətində 2025-ci ilədək çıxış edəcəyini və daha 4 il idmanda qalacağını deyib. İnsandır, bəlkə nə vaxtsa fikrini dəyişə bilər. Amma inanmıram ki, yarışa yollanmamasına səbəb karyerasını bitirmək istəyidir. Çünki o, 10 ildir ki, belə formada deyildi. Müəyyən səbəblərdən, haqsızlıq ucbatından Tokioda qızıl medal qazana bilmədi. Amma olimpiadada finala çıxmaq və gümüş medal qazanmağın özü böyük qələbədir. Demək olmaz ki, Rafaelin gücü yoxdur, formada deyil və idmanla qurtarmalıdır. Hətta demişdi ki, noyabrdakı dünya çempionatında həm şəxsidə, həm də komanda mübarizəsində çıxış edəcək".
Qeyd edək ki, Azərbaycan yığması Moskvadakı Karate1 Premyer Liqasında 3 bürünc medal qazanıb. Həmin medallara Pənah Abdullayev (84 kq), Asiman Qurbanlı (+84 kq) və İrina Zaretska (68 kq) sahib olub. Dünya çempionatı 16 - 21 noyabrda keçiriləcək.