Sportnet.az çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi və bu növdə idmançı kimi 2019-cu ildə dünya çempionu olmuş Oyan Nəzərianinin "Report"a müsahibəni təqdim edir...
- Çimərlik güləşinin digər güləş növlərindən fərdi nədir?
- Ən böyük fərq güləş geyiminin və ayaqqabısının olmamasıdır. İdmançılar qumun üstündə - çimərlikdə güləşirlər. Bu da yeni başlayanlar üçün çətinliklər yaradır. Qaydalarda da fərqlər var. Yunan-Roma və sərbəst güləş güləş bir-birindən necə fərqlənirsə, çimərlik güləşinin də özünün qaydaları var. Bu da çimərlik güləşini digər növlərdən ayırır.
- Bu növdə yolverilməz hallardan biri də rəqibin gözünə qum atmaqdır...
- Bu, qayda pozuntusudur. Yerdəki qumun, tozun gözə və ağıza bulaşmayacağına təminat yoxdur. Amma bilərəkdən bir idmançının bu hərəkəti etməsi qadağandır və cəzası var. Cəza isə yarışlardan kənarlaşdırılmağa qədər uzana bilər.
- Çimərlik güləşindəki qumun hansısa fərqi varmı?
- Buradakı qum çimərlik voleybolundakı ilə eynidir. Bərk olmayan yumşaq qumdur. Amma çimərliklərdə yarışlar keçirəndə çalışırlar ki, standartlara uyğun qumlar olsun. Yarışların əksəriyyəti də belə keçirilir.
- Məsələn, Bakıda çimərlik voleybolu yarışı keçirmək üçün qumu xaricdən gətirirdilər...
- Bəli. Zallarda xüsusi qumlardan istifadə edilir. Bəzən yay aylarında məşqlərimizi Su İdman Sarayının arxasında da edirik. Bizim federasiyanın da çimərlik güləşi üçün zalında xüsusi qumdan istifadə edilir. İdmançılarımız xüsusi qumda məşq etdikləri üçün bir az rahat olurlar.
- Azərbaycan çimərlik güləşində nə vaxtdan təmsil olunmağa başlayıb?
- Bu idman növündə yarışlar uzun müddətdir keçirilir. Sadəcə, biz 2019-cu ildə Qətərin paytaxtı Dohada Dünya Çimərlik Oyunlarından etibarən rəsmən yarışlara qatılmağa başlamışıq. Elə həmin vaxtdan bu növdəki turnirlər daha təmtəraqlı keçirilməyə başlayıb. Daha əvvəl dünya çempionatları bir yarışda keçirilirdi. Hazırda isə mundiallar seriyalar şəklində olur. Bu da o deməkdir ki, dünya çempionu titulu üçün bir yarışın nəticəsi əsas götürülmür. Bir neçə turnirdən sonra toplanmış xalların nəticəsinə əsasən qalib müəyyənləşir. 2019-cu ildə Dünya Çimərlik Oyunları da oldu, orada da iştirak etdik. Həmin il qatıldığım yarışda dünya çempionu oldum. Növbəti il isə pandemiyaya görə yarışlar baş tutmadı. 2021-ci ildən fəaliyyətimizi davam etdiririk. Azərbaycan çimərlik güləşində ilk addımı yaxşı atıb. Bizim çimərlik güləşi üçün üstü qapalı zalımız balaca olsa da, var. Soyuq havada, qışda qum üzərində məşq edə bilirik. Artıq iki ildir idmançılar bundan yararlana bilir. Çimərlik güləşində yaxşı nəticələr də əldə etmişik. Azərbaycan bu növdə lider ölkələrdən biridir. Əsas hədəfimiz budur ki, çimərlik güləşi deyiləndə ağla gələn ilk ölkələrdən biri Azərbaycan olsun.
- Cənubi Azərbaycanın Urmiya şəhərində dünyaya gəlmisiniz. Orada çimərlik var idi?
- Əlbəttə. Uşaqlıqda Urmiya gölünə tez-tez gedirdik. Güləşlə məşğul olduğumuz üçün orada güləşərdik. Gölə üzməyə və güləşlə məşğul olmağa gedərdik. Həmin vaxt təsəvvür edə bilməzdim ki, mən çimərlik güləşi ilə məşğul olacağam. O vaxtlar da çimərlik güləşi var idi, amma mən sərbət güləşlə məşğul olurdum.
- Azərbaycana gəlişiniz necə gerçəkləşdi. Yuxarı çəkidə ehtiyac yarandığı üçün cəlb olundunuz?
- İlk dəfə sərbəst güləşlə məşğul olmuşam. Daha sonra yunan-Roma güləşinə keçmişəm. Sərbəst güləşdə gənclər arasında Azərbaycan çempionu oldum. Ardınca yunan-Roma güləşində 5 qat respublika çempionu adını qazandım. Bakıda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Qızıl Qran-Prinin final mərhələsinin qalibi olmuşam. Mən milli mənsubiyyət baxımından azərbaycanlıyam. Azərbaycana qarşı həmişə ürəyimdə sevgi olub. Məndən əvvəl də 1-2 idmançının gəlib bu ölkədə güləşdiyini görmüşəm. Fikrimdə var idi ki, Azərbaycanda güləşim. Bu, mənim üçün xoş oldu. Gəldim və uğurlar da qazandım. Əlimizdən gələni edirik ki, ölkəmizə daha yaxşı xidmət edək.
- Hərdən özünüz çıxıb güləşmək istəmirsiniz?
- Mənim yaşım elə də çox deyil. Çimərlik güləşində fəaliyyət göstərirəm və yarışlarda çıxış edirəm. 2021-ci ildə Dünya Seriyasının final mərhələsində ikinci yeri tutdum. Döşəkdə güləşməyi düşünmürəm, hazırda məşqçilik karyerama və komandanı hazırlamağa daha çox üstünlük verirəm. Həm yunan-Romada, həm də çimərlik güləşində iştirak etməyim reallıqdan uzaqdır. Artıq seçim etmək lazımdır. Çimərlik güləşində işimizi uğurla davam etdirməyə çalışırıq.
- Çimərlik güləşində qarşıdakı hədəfləriniz nədən ibarətdir?
- Böyüklərdən ibarət yarışlar seriyalar şəklində olur, bu il artıq 5 seriya keçiriləcək. Yeniyetmə, gənclərin Avropa və dünya çempionatları olacaq. İlk hədəfimiz respublika çempionatı keçirməkdir. Ondan sonra komandanın heyəti bəlli olacaq. Ardınca dünya çempionatının birinci seriyasına qatılacağıq və sentyabradək turnirlər davam edəcək.
- Çimərlik güləşi üzrə qadınlardan ibarət komandada vəziyyət necədir?
- Bizdə qadın güləşçilərin sayı azdır. Əlimizdəki idmançılardan maksimum yararlanmağa çalışırıq.
- Qadınlarda 4 çəki dərəcəsinin hamısında təmsil olunmaq istəyirsiniz?
- Nə qədər edə bilsək və hazır idmançımız olsa, yarışlara aparacağıq.
- Sərbəst güləşdəkiləri aparıb çimərlik güləşindəki yarışlara daxil etməyə icazə var?
- Yarışa getməsə və kənarda qalsa, istəsə, çimərlik güləşində iştirak edə bilərlər.
- Ümumiyyətlə, dünyada çimərlik güləşinin vəziyyətini necə dəyərləndirirsiniz?
- Çimərlik güləşi perspektivli idman növüdür və Dünya Güləş Birliyi bu növə önəm verir. Tamaşaçını güləş zallarına cəlb etmək daha çətindir. Avropa ölkələrində və ABŞ-da azarkeşləri zallara gətirmək heç də asan deyil. Amma çimərlikdə yarış keçiriləndə sıravi insanlar da gəlir, maraq göstərir, baxırlar. Bu idman növündə maksimum başa düşülən qaydalar qoyublar. Bir neçə dəfə baxdıqdan sonra qaydaları tam mənimsəmək olur. Tamaşaçı cəlb etmək də asandır. Dünyanın müxtəlif ölkələrində çimərliklərdə yarışlarda olarkən adi insanlar, bu idman növünü bilməyənlər maraq göstərirlər və yaxınlaşıb güləşə baxırdılar. İstirahət üçün çimərliyə gedənlər güləşə də maraq göstərirdilər. Bu idman növünün daha inkişaf edəcəyinə ümid edirəm.
- Yarışlarınızda azarkeşlər üçün tribuna olurmu?
- Bəli. Uzaqdan da izləyənlər olur. Açıq havada olduğu üçün kənardan da baxanlar olur. Bir çox yarışlara azarkeşləri biletsiz buraxırlar.
- Dünya ölkələrinin bu idman növünə marağı necədir?
- 2019-cu ildə Ukraynanın Odessa şəhərində keçirilmiş yarışda ilk dəfə Norveçin neçə idmançı ilə təmsil olunduğunu görəndə təəccüblənmişdim. Həmin turnirdə bu ölkənin 20-yə yaxın güləşçisi iştirak edirdi. Bu, mənə maraqlı gəldi və yaxınlaşıb məşqçiləri ilə söhbət etdim. Dedim ki, sərbəst və yunan-Roma güləşi üzrə yarışlarda iştirak etmişəm. Amma sizin bu qədər idmançı ilə təmsil olunduğunuzu görməmişəm. Çimərlik güləşində belə təmsilçi ilə qatılmağın səbəbini izah etdilər. Söylədilər ki, bu növün olimpiadaya düşmə ehtimalı böyükdür. Ona görə də çimərlik güləşinə yatırım edirlər. Dünyada bu idmana maraq böyükdür və artır. ABŞ idmançıları da yarışlarda kifayət qədər təmsil olunurdular.
- Beynəlxalq yarışlarda ilk pillələri daha çox hansı ölkə tutur?
- Kişilərdə Gürcüstan, qadınlarda isə Ukrayna və Rumıniya idmançıları titullara sahib çıxırlar. Türkiyə qadınların mübarizəsində yaxşı nəticələr əldə edib. 2019-cu ildə ABŞ-dan olan idmançılar da yaxşı medallar qazanmışdılar.
- Bu növün olimpiadanın proqramına salınması mümkündürmü?
- Artıq Dünya Çimərlik Oyunları adında ilk yarış keçirilib. 2023-cü və 2025-ci ildəki yarışın proqramında çimərlik güləşi əsas növlərdən olacaq. Dünya Çimərlik Oyunlarının ilk yarışında iştirak etmişik. Orada fərqli idman növləri də var idi. Futbol, basketbol, voleybol çimərlik növündə təmsil olundu. Hətta karatenin kata növündə də yarışlar oldu və ölkəmiz təmsil olundu. İştirak etdiyimiz yarışlardakı söhbətlərdə bildirilib ki, bu növün Yay Olimpiya Oyunlarının proqramına düşmə ehtimalı yüksəkdir. 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarında iştirak edə bilərik. Bu barədə müzakirələr gedir.
- Bunun üçün əlavə kvotalar ayrılmalıdır. Ya sərbəst və yunan-Roma güləşindən kvotalar kəsilməli, ya da əlavə yerlər ayrılmalıdır...
- Çimərlik güləşində 4 çəki kişilərdə, 4-ü isə qadınlardadır. Yəni, çəki dərəcələrimiz çox deyil. Yəqin ki, medal sayına görə bunu nəzərə alırsınız. 2028-ci ilədək prosesin necə davam edəcəyini və hansı çəkilərin əlavə olunacağını demək olmur. Hər il və ya iki ildən bir Dünya Güləş Birliyində çəkilərlə bağlı iclaslar olur və qərarlar verilir.