"Yeni rütbəni müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə aldım. Bu rütbə idmandakı böyük uğurlarıma qiymət verildiyi üçün mənə təqdim olundu".
Sportnet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycanın yunan-Roma güləşçisi, Mərkəzi Ordu İdman Klubunun təmsilçisi Rafiq Hüseynov (82 kq) vaxtından əvvəl kapitan rütbəsi alması barədə danışarkən deyib.
Dünya və üçqat Avropa çempionu bildirib ki, Orduda idman sahəsinə cavabdeh şəxslərdən biri və işinin mütəxəssisi olduğu üçün onu bu sahəyə yönəldiblər: "Nazirin belə diqqət ayırması mənim üçün böyük uğurdur. Başda Prezident İlham Əliyev və Zakir Həsənov olmaqla, MOİK idmançılarına yüksək səviyyədə dəyər verilir, bu sahədə böyük işlər görülür. Bu cür diqqət və qayğıdan sonra fəaliyyətimi səbrlə, əzmlə davam etdirməliyəm. Bundan sonra uğurlarım daha böyük olacaq. Çünki həm ölkə rəhbərliyi, həm də nazirlik səviyyəsində təltif olunmuşam".
Qeyd edək ki, Rafiq Hüseynov, həmçinin, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır.