XVI Avropa Gənclərin Yay Olimpiya Festivalında (EYOF) cüdo idman növü üzrə qızlardan və oğlanlardan ibarət qarışıq komanda yarışları keçirilib.
Sportnet.az xəbər verir ki, qızlar 52 kq., 63 kq. və +63 kq, kişilər isə 66 kq, 81 kq və +81 kq çəki dərəcələrində mübarizə aparıblar. Azərbaycan yığmasının heyətində 4 qız və 6 oğlan cüdoçu yer alıb.
Qızlar arasında 52 kq əkidə Könül Əliyeva və Aydan Vəliyeva, 63 kq-da Fidan Əlizadə, +63 kq-da Nigar Süleymanova, oğlanlar arasında isə 66 kq çəkidə Nurlan Kərimli və Eltac Yusifli, 81 kq çəkidə Qadir Hüseynov və İsmayıl Zamanov, +81 kq çəkidə Əjdər Bağırov və Kənan Nəsibov güclərini sınayıb.
Azərbaycan yığması yarımfinalda Fransa millisini 4:3 hesabı ilə məğlub edərək finala yüksəlib. Onlar finalda Ukrayna millisini 4:0 hesabı ilə məğlub ediblər.
Qeyd edək ki, Azərbaycan yığması fərdi yarışlarda 1 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıb.
Onlar EYOF-2022-də ümumilikdə cüdo üzrə 2 qızıl, 4 gümüş və 2 bürünc medala sahib olublar.