Türkiyənin İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə güləş üzrə beynəlxalq turnir keçirilib. Sportnet.az-ın məlumatına görə, 43-cü dəfə keçirilmiş turnirdə Azərbaycanın böyüklərdən ibarət sərbəst güləş üzrə yığma komandasının 6 üzvü iştirak edib.
Məşqçilər Nazim Əlicanov və David Kurtsiyanın rəhbərliyi altında turnirdə mübarizə aparan güləşçilərimiz yarışların ilk günü 2 bürünc medal qazanıb. Ruslan Qasımov (57 kq) və Ağahüseyn Mustafayev (65 kq) fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb. Turnirin ikinci günündə isə, təmsilçimiz Aleksandr Qostiyev (86 kq) yığmamıza qızıl medal qazandırıb. Finala qədər bütün rəqiblərindən üstün olan güləşçimiz həlledici görüşdə ABŞ təmsilçisinə də heç bir şans verməyib.
Beləliklə, Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 43-cü beynəlxalq turniri sərbəst güləşçilərimiz 1 qızıl və 2 bürünc medalla başa vurub.
Qeyd edək ki, görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı ölkəmizi təmsil edib.