“Artıq iddialı güləşçiyəm, 2023 mənim ilimdir”.
Sportnet.az xəbər verir ki, Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanan sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü Əliabbas Rzazadə bunu açıqlamasında deyib.
57 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək karyerasında ilk qitə çempionluğunu qazanan 25 yaşlı pəhləvan hədəfinə çatdığını söyləyib: “Bundan əvvəl gümüşüm var idi. Turnirdən əvvəl sizə müsahibəmdə dediyim kimi, Zaqrebə çempion olmaq üçün gəlmişdim. Bütün fikrimi buna yönəltmişdim və iddialı idim. Çox gözəl hissdir, fəxr edirəm ki, Azərbaycan bayrağını qaldıra bilmişəm. Bu, həyatımın ən gözəl günlərindən biridir”.
Rzazadə türkiyəli rəqibi Süleyman Atlı ilə final görüşündə fərqli taktika seçdiyini və bunun çempionluğunda həlledici rol oynadığını bildirib: “Ötənilki finalda çox yaxın döyüşdə məğlub oldum. Bu dəfə fərqli üslubda çıxış etdim və qızıl qazana bildim. Bu, tam fərqli hissdir, çox xoşbəxtəm”.
O, bundan sonra işinin daha çətin olacağını etiraf edib: “Düşünürəm ki, zəif idmançı deyiləm, hamı məni çətin rəqib kimi görür. Əlbəttə ki, asan olmayacaq. Çünki bundan sonra daha güclü rəqiblərlə mübarizə aparacağam. Onlar mənə qarşı artıq daha aqressiv olacaqlar”.
Sərbəst güləşçi komanda yoldaşı Hacı Əliyevin dördqat Avropa çempionu olmasına da münasibət bildirib: “Onun dördüncü dəfə bu titula yiyələnməsinə çox sevindik. Çünki Hacıya ümidlərimiz böyük idi. Əziyyətimizin yerdə qalmamasına şadıq. Qələbələrimiz hələ qarşıdadır. Artıq indidən Serbiyada keçiriləcək dünya çempionatını səbirsizliklə gözləyirik. Yay Olimpiya Oyunlarına lisenziya əldə etmək üçün Serbiyada yüksək nəticə göstərməliyik. Hər ikimiz olimpiya çempionu olmağı hədəfləyirik”.