
Taekvondo üzrə Azərbaycan yığmasının mayın 29-da Bakıda start götürəcək dünya çempionatı üçün heyəti müəyyənləşib.
Federasiyadan Sportnet.az-a verilən məlumata görə, iyunun 4-dək davam edəcək mundiala 13 idmançı qatılacaq.
Kişilərin yarışında Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Ələsgər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq) və Həmidrza Bədriəliabadi (+87 kq) mübarizə aparacaq.
Qadınların yarışında isə Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq), Səmərruh Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizova (67 kq) çıxış edəcək.
Xatırladaq ki, sayca 26-cı dəfə təşkil olunacaq yarış Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley tədbiri Bakı şəhərində qeyd olunacaq. Bununla əlaqədar Azərbaycan paytaxtına 3 minədək qonağın gəlişi gözlənilir.