
Misirin paytaxtı Qahirə şəhərində keçirilən qılıncoynatma üzrə dünya çempionatında qadın sablyaçıların şəxsi yarışında qaliblər müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, mübarizəyə əsas mərhələdən başlayan Azərbaycan milli komandasının lideri Anna Başta ilk görüşündə Dominikan idmançısı Valentin Heyddisə 15:9 hesabı ilə qalib gələrək 1/16 finala yüksəlib.
Bu raundda kanadalı Medison Zurqudu 15:8 hesabı ilə məğlub edən Avropa çempionu 1/8 finalda İtaliya sablyaçısı Martina Kriskioyanı mübarizədən kənarlaşdırıb - 15:6
Dünya reytinqinin 1 nömrəsi 1/4 finalda yunan Teodora Qkountaranı 15:11 hesabı ilə məğlub edib. Yarımfinalda Baştanın rəqibi digər yunan sablyaçısı Despina Georgiadou olub. Rəqibi üzərində 15:9 hesablı qələbə qazanan idmançı həlledici görüşdə Yaponiya təmsilçisi Emura Misaki ilə qarşılaşıb.
Finalda 10:15 hesabı ilə uduzan sablyaçı ikinci yerlə kifayətlənib.
Cari mövsüm 2 Dünya Kubokunun və 1 Qran-prinin mərhələ yarışının qalibi olan Baştaya dünya reytinqinin 1 nömrəsi olaraq ilin sonunda keçiriləcək Beynəlxalq Qılıncoynatma Federasiyasının konqresində Dünya Kuboku təqdim olunacaq. Daha öncə bu titula Yelena Jemayeva layiq görülüb.
----------------------------------------
Azərbaycan qılıncoynadanı Anna Başta Misirin paytaxtı Qahirə şəhərində keçirilən dünya çempionatında finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, dünya reytinqinin 1 nömrəsi qadın sablyaçıların şəxsi yarışında yarımfinalda Yunanıstan təmsilçisi Despina Georgiadouya 15:9 hesabı ilə qalib gəlib.
O, finalda Yaponiya sablyaçısı Emura Misaki ilə qarşılaşacaq.