"Neftçi" klubu audit və konsaltinq şirkəti olan "PwC" (PricewaterhouseCoopers) ilə əməkdaşlıq çərçivəsində müqavilə imzalayıb. Sportnet.az-ın məlumatına görə, şirkət kluba müstəqil auditor xidməti göstərməklə yekun maliyyə hesabatını yoxlayacaq.
Bununla klub səhmlərini satışa çıxarmaq istiqamətində vacib addım atmış olacaq. Yekun hesabatda klubun büdcəsi, maliyyə xərcləri və dəqiq rəqəmlər öz əksini tapacaq. Bu maliyyə şəffaflığının təmin edilməsi və gələcəkdə sponsorların cəlb edilməsində mühüm rol oynayacaq. Müstəqil auditor şirkətinin rəyi əsasında hazırlanmış yekun hesabat sayəsində iqtisadi münasibətlərin sağlam inkişafı üçün zəmin yaranacaq.
Müqavilə klubun icraçı direktoru Elnur Məmmədov və "PwC Azerbaijan" şirkətinin idarəedici partnyoru Mövlam Paşayev tərəfindən imzalanıb. Tədbirdə "Neftçi"nin əməkdaşları da iştirak edib və PwC şirkətinin iş prosesi ilə tanış olub, onlara şirkətin fəaliyyət göstərdiyi sahələrlə bağlı geniş məlumat verilib.
Qeyd edək ki, "PwC" dünyada peşəkar xidmətlər göstərən ən böyük şəbəkələrdən biridir. Bugünkü "PwC" şəbəkəsi 1998-ci ildə hər ikisi Londonda yerləşən "Price Waterhouse" və "Coopers & Lybrand" şirkətlərinin birləşməsi nəticəsində yaranıb. "PwC Qlobal" şəbəkəsi 157 ölkədə fəaliyyət göstərir və əməkdaşlarının ümumi sayı 208,109 min nəfərdir. "PwC" audit, vergi, hüquq və məsləhət xidmətləri sahəsində keyfiyyəti təmin etməklə yanaşı, şirkətlərə və insanlara qazanmaq istədikləri dəyəri yaratmağa kömək edir. Şirkətin müştəri portfelinə yeni və inkişaf etməkdə olan müəssisələrlə yanaşı dünyanın aparıcı özəl şirkətləri, dövlət müəssisələri və qeyri-hökumət təşkilatları daxildir.
Şikrətin Azərbaycan fəaliyyəti 1995-ci ildə 10 nəfərlə başlayıb. Hazırda şirkətin Azərbaycan ofisində dünyanın 6 ölkəsindən 100 nəfərə qədər mütəxəssis çalışır.