"Tovuzda olmaq mənim üçün çox xoşdur. Buranı çox sevirəm. Futbolçu kimi ilk addımlarımı burada atmışam, məşqçi kimi də burada çalışmışam. Həddən artıq güclü komandaya qarşı oynadıq. Son transferlər güclərinə güc qatıb. Rəqiib ciddi təhlil etmişdik. İki fərqli hissə izlədik. Qələbə qazanmağı çox istəyirdik. Amma Bakıya 1 xalla qayıdırıq. Səhvlərmiz var. Onların üzərində işləyəcəyik".
Sportnet.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Cavid Hüseynov Misli Premyer Liqasının XXI turunun "Turan Tovuz"la matçından (1:1) sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb.
- Rüfət Abdullazadə son iki matçda start heyətində yer almır. Onu gizli silah kimi istifadə edirsiniz?
- Yox, gizili silah deyil. Sadəcə, zədəsi var idi, risk etmək istəmirdik. Tonusdan düşdüyü üçün onu sonradan meydana buraxdıq.
- Əsas rəqibiniz "Kəpəz" də qələbələr qazanır. Bu rəqabət sizi narahat etmir?
- Rəqabətə hər zaman hazır olan insanam. Komandanı buna görə kökləməyi xoşlayıram. Çəkinmirik, oyun baxımından inkşaf edirik. O zaman narahat olaram ki, oyun baxımından heç nə etmirik. Hələ qarşıda 15 tur var. İnanıram ki, yuxarı pillələrdə ola bilərik.
- Fiziki baxımdan çatışmazlıqları aradan qaldıra biləcəksiniz?
- Bunu siz daha yaxşı görə bilərsiniz. 90-cı dəqiqədə ayağını tutub yerdə qalan futbolçumuz yoxdur. Hakimin ikinci hissəyə 3 dəqiqə əlavə etməsini doğru saymıram. VAR-a baxılıb, əvəzetmələr olub. 30 saniyənin, 1 dəqiqənin bizim üçün önəmi böyükdür. Oyunda fasilələr oldu, 3 dəqiqə çox az idi. Sonuncu hücum yekunlaşsaydı, bəlkə qol vura bilərdik. Ona belə imkan vermədi.