
"Bizə qələbə sevinci yaşatdıqları üçün futbolçulara təşəkkür edirəm".
Sportnet.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidmətinə açıqlamasında Azərbaycanın U-17 millisinin baş məşqçisi İlham Yadullayev deyib.
Mütəxəssis Belarusun paytaxtı Minskdə təşkil edilən İnkişaf Kubokunda Rusiya və İran yığmalarına qarşı keçirdikləri görüşləri şərh edib:
"Dünən keçirdiyimiz ilk oyunda güclü Rusiya (0:3) millisi ilə qarşılaşdıq. Uşaqlar tapşırıqlarımızı yerinə yetirməyə çalışırdılar. Turnirdə birinci görüş olduğundan, futbolçularda start həyəcanı var idi. Yaxşı nəticə üçün hücuma atıldıq, qapımızda qollar gördük. Komandanı qısa müddətdə bugünkü oyuna toparlaya bildik. Hər gün oyun keçirmək çətindir. Tam bərpa olunmaq mümkün olmur. Yeni heyət qururuq, futbolçulara baxırıq. İranla matçda komanda istədiyimizi ortaya qoya bildi. Bu da nəticədə əksini tapdı".
Qeyd edək ki, U-17 turnirdə keçirdiyi ilk matçda Rusiyaya 0:3 hesabı ilə uduzub. Bu gün isə İran yığmasına 1:0 hesabı ilə qalib gəlib. Komanda qrupda son oyununu fevralın 19-da, Bakı vaxtı ilə saat 14:20-də Qazaxıstan yığmasına qarşı keçirəcək.