
“Şamaxı"nın futbolçusu Brahim Konatenin Azərbaycan Premyer Liqasının XXIII turunda "Kəpəz"lə səfərdə 1:1 hesablı heç-he etdikləri oyundan sonra Sportnet.az-ın Tovuza ezam olunmuş əməkdaşına müsahibəsi:
- Oyun barədə fikirləriniz necədir?
- Yaxşı oyun oldu və qol vurmaq üçün şanslarımız çox idi. Amma bir xalı götürdük. Düşünürəm ki, bu da yaxşı nəticədir.
- Sizcə, heç-heçə ədalətli nəticə idi, yoxsa qələbənin əldən getməyinə görə təəssüf hissi var?
- Düşünürəm ki, 2 xalı itirdik. Çünki bizim “Kəpəz”dən daha çox qol epizodlarımız var idi.
- Epizodlarınız çox oldu. Bəs qələbə qolunu vurmağa nə çatmadı?
- Son ötürmələrdə və zərbələrdə çatışmazlıqlar oldu.
- Son oyunlarda komandanın liderinə çevrilmisiniz. Öz performansınızı necə dəyərləndirirsiniz?
- Hər oyun komandaya maksimum dərəcədə kömək etməyə çalışırıq. Önəmli olan komandadır, mən yox. Qol vurdum amma qələbə qazana bilmədik.
- Belajdi Pusi və Leroy Mikelsin yoxluğu komandaya necə təsir edir?
- Heyətdə hər kəs vacibdir. Hər ikisi komanda üçün önəmli oyunçudur. Bu gün burada deyildilər, amma meydanda olan oyunçular da ortaya maksimum güclərini qoydular.
- Leroy Mikelsin yoxluğunda komandanın aparıcı üzvünə çevrildiyinizi düşünürsünüz?
- Futbol bir oyunçudan ibarət deyil. Burada hər kəsin əməyi var. Komandadakı hər kəs vacibdir.
- Növbəti oyunu “Turan Tovuz”a qarşı keçirəcəksiz. Bu matçdan gözləntiləriniz nədir?
- "Turan Tovuz”un necə çıxış etdiyini yaxşı bilirik, amma biz evdə oynayacağıq. Hər oyun xal qazanmağa çalışırıq, hər şey mümkündür.
Həşim MƏMMƏDOV