
"Araz-Naxçıvan" Misli Premyer Liqasının 24-cü turunda öz meydanında "Səbail"lə 0:0 hesablı heç-heçə edib.
Sportnet.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Gərgin oyun oldu. Birinci hissədə oyunumuz alınmadı. "Səbail" təzyiq göstərirdi. İkinci hissədə dəyişikliklərlə təşəbbüsü ələ ala bildik. Zədəli futbolçularımız var. Onlar komandaya qoşulandan sonra hücumda daha rəngarəng olacağıq.
- "Araz-Naxçıvan" Ramon Maçado və Felipe Santosdan asılıdır?
- Belə deməzdim. Miço Kuzmanoviç də zədəli olduğu üçün hücumda çox da rotasiya edə bilmirik. Amma futbolda belə hallara rast gəlmək olur. Daha çox çalışıb nöqsanları aradan qaldırmaq lazımdır.
- Yarımmüdafiəçi Vanderson Melo bu gün mərkəz müdafiəçisi mövqeyində oynadı. Sizcə, komandanın oyunu buna görə meydanın mərkəzində alınmırdı?
- Məcburi dəyişiklik idi. Çünki üçüncü mərkəz müdafiəçimiz Bəxtiyar Həsənalızadə də zədəlidir. Bu dəyişikliyi etməyə məcbur idik. Bu gün oyun quruculuğunda problem yox idi. Sadəcə, son nöqtəni qoymaqda sıxıntılarımız var.