
"Azarkeşlərə təşəkkür edirəm ki, oyunu sona qədər izlədilər, dəstək oldular. Məğlub olmağımıza baxmayaraq, belə dəstək gələcək oyunlar üçün motivasiyadır. Qarlı, maraqlı, dinamik oyun oldu".
Sportnet.az xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Azər Bağırov Bakıda "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis oyun ərzində yaxşı qol epizodlarının olduğunu, lakin komandasının qol vura bilmədiyini söyləyib: İndiyədək "Neftçi" ilə 4 dəfə qarşılaşmışıq. Artıq yetərincə məlumatlıyıq, futbolçularımızın təcrübəsi o dərəcədədir ki, bəzi şeyləri analiz etməyə dəyməz. Sadəcə, səhvləri minimuma endirmək lazımdır ki, qələbə qazana bilək. Futbolçular bəzən müəyyən şeyləri meydanda icra etməyə başlayanda artıq öz yaradıcılıqları da yada düşür. O zaman səhvlər, məğlubiyyətlər olur. Futbolçularımızın potensiallarını bilirik. Nə tələb olunursa, onu etmək lazımdır. Öz yaradıcılığımızı məsələn, 3:0 hesabı ilə öndə olduğunuz zaman göstərə bilərsiniz. Futbolda oyun nizam-intizamı çox önəmlidir. Son məğlubiyyətlərimizin səbəbi oyun nizam-intizamından çıxmağımızdır".