
“Bəlkə də milli komanda ən zəif dövrünü yaşayır. Mən Azərbaycanda istedadlı gənc futbolçu görmürəm. Qrupda yığmamıza çox çətin olacaq”.
Bu sözləri sportnet.az a açıqlamasında veteran futbolçu Mahir Şükürov deyib.
43 yaşlı sabiq müdafiəçi Azərbaycan millisinin yoldaşlıq görüşlərində Haitiyə 0:3, Belarusa 0:2 hesablı məğlubiyyətlərinə münasibət bildirib: “Hər iki oyuna stadiondan baxdım.
AFFA dəvətnamə göndərmişdi, oyunları canlı izlədim. Milli komanda çox zəif çıxış etdi. Nə birinci, nə də ikinci oyunlarda meydana buraxılan heyət özünü doğrultdu. Ona görə də hər iki oyunda zəif nəticə göstərdilər. Bizim vaxtımızda da məğlubiyyətlər olurdu. Amma biz heç vaxt bu şəkildə, mübatizə aparmadan məğlub olmurduq”.
Şükürov yığmanın portuqaliyalı baş məşqçi Fernandu Santuşun rəhbərliyi altında keçirdiyi 8 oyunda qələbə qazana bilməməsini birbaşa futbolçuların potensialının aşağı olması ilə əlaqələndirib: “Düzdür, baş məşqçini qınaya bilərik. Amma Santuş da deyəcək ki, materialı yoxdur.
O, Portuqaliya millisində işləyəndə əlinin altında Kriştianu Ronaldu kimi futbolçular olub. Ona görə də nəticə verib. Belə komandalara gələndə, dünya səviyyəli oyunçular olmayanda, baş məşçiyə çətin olur. Dünya çempionatının seçmə oyunlarında da milliyə çətin olacaq”.
Qeyd edək ki, Azərbaycan yığması DÇ-2026-nın seçmə mərhələsində Ukrayna, İslandiya və Fransaya ilə D qrupunda yer alır.