
“İndiyədək görülmüş işlərin davamına bir qatqımız ola bildiyinə görə çox xoşbəxtik”.
Sportnet.az xəbər verir ki, bunu “Turan Tovuz” klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev Tovuz şəhər stadionunda yeni inşa olunmuş əsas korpus binasının açılış mərasimində deyib.
Ehtiram Quliyev Tovuz futbolu irsinin davam etdirildiyini bildirib: “Bizdən qabaqki rəhbərliklər stadionun və bu korpusun tikintisini şəxsi vəsaitləri hesabına ediblər.
Biz də bu zəncirdə öz halqamızı qoya bilməyin xoşbəxtliyini yaşayırıq. Gələcək nəsillərə göstərmək istəyirik ki, Tovuz futbolu irsdir, bunu davam etdirmək lazımdır”.
O, Prezident İlham Əliyevin idmana göstərdiyi qayğı haqda söz açıb: “Xüsusən, bölgələrə göstərilən qayğı hamımıza məlumdur. Biz də öz növbəmizdə məhz onun planlarının davamını gətirə bilmək üçün öz öhdəmizə düşən işləri görməliyik”.
“Turan Tovuz”un İdarə Heyətinin sədri kluba verdiyi dəstəyə görə AFFA-ya təşəkkür edib: “Ən vacibi, bu gün AFFA yanımızdadır.
Mənəvi dəstəklərinə görə sonsuz təşəkkür edirəm, bayram günlərində vaxt ayırıb gəliblər, diqqət və qayğılarını hər zaman hiss edirik. Bölgə futboluna, ümumi Azərbaycan futboluna xeyirli-uğurlu olsun. Cahangir Fərəcullayevin ilk açılışıdır, ardı gəlsin, hər bölgədə çoxlu açılışlar etmək nəsibi olsun”.