
Son günlər “Sabah”ın futbol akademiyası ilə bağlı söz-söhbət futbol ictimaiyyəti arasında geniş müzakirə olunur.
Sportnet.az-ın məlumatına görə, paytaxt klubunun akademiyası Adino Mustedanaqiçə tapşırılıb. Xorvatiyalı koordinator vəzifəsində çalışır. Onun gəlişindən sonra “Sabah”ın akademiyasında problemlər, qalmaqallar bir-birini əvəz etməkdədir.
Aşağı yaş qrupları üzrə komandalarda narazılıqlar yaranıb. Valideynlər bildirilər ki, Adino Mustedanaqiç yerli uşaqlara qarşı heç də xoş münasibət göstərmir. Özünün komandaya gətirmədiyi futbolçulara təzyiq edir, onları sıxışdırır. Nəticədə çox sayda istedadlı gənc və yeniyetmə futbolçu akademiyanı tərk etməli olub.
U-19 və əvəzedici komandada vəziyyət daha acınacaqlıdır. Nəticə baxımından heç bir önəm kəsb etməyən yarışlarda çıxış edən bu komandalara legionerlər cəlb olunub. Yerli oyunçular yox, məhz onlar meydana çıxırlar.
Publika.az-a Mustedanaqiçlə bağlı qalmaqla səbəb ola biləcək məlumat əldə edib. Xorvatiyalı mütəxəssisin transfer fırıldağı ortaya çıxıb.
Bildirilir ki, bir müddət əvvəl “Sabah” “Qəbələ”dən gənc futbolçu transfer edib və bu keçidə görə qarşı tərəfə 20 min manat ödənilib. Lakin transferlə bağlı maraqlı məqam var.
Adino Mustedanaqiçin nəzarəti ilə reallaşdırılan bu transferdəki vəsait “Sabah”ın büdcəsindən çıxsa da, gənc futbolçunun valideyni də xərcə düşüb. Ondan da bu keçidə görə 20 min manat alınıb. Yəni “Qəbələ”yə ödənilən vəsaiti, əslində uşağın valideyni verib.
Bəs “Sabah”ın büdcəsindən çıxan 20 min manat hara və ya kimin cibinə gedib? Suallarımızı klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidova ünvanladıq. Onun cavabı belə oldu:
"Akademiyamızda bu cür halların baş verməsi mümkün deyil. Sorğunuzda konkret məlumatların yer almaması, məsələnin obyektiv şəkildə araşdırılmasını mümkünsüz edir. Klub olaraq, şəffaflıq prinsiplərinə sadiq qalaraq, hər zaman istənilən iddianı araşdırmağa hazırıq. Lakin bunun üçün konkret faktlar və sübutların təqdim edilməsi vacibdir".
Ümumiyyətlə, Adino Mustedanaqiçin gəlişindən sonra “Sabah” akademiyasında vəziyyət heç də yaxşı deyil. “Vətən” Futbol Məktəbinin əsasında yaradılan akademiyada əvvəllər durum yaxşı idi. Valideynlər bura axışır, gənc futbolçular vəziyyətdən razılıq edirdilər. Bir müddət əvvəl ölkənin say-seçmə akademiyalarından biri olan “Sabah”da indi korrupsiya, rüşvətxorluqlar fonunda anarxiya hökm sürür.
Qeyd edək ki, “Qəbələ”dən “Sabah”a transferi qeyd edilən futbolçunun adı bizə məlumdur. Lakin onun gələcək karyerasına təsir etməmək və gənc futbolçunu təzyiqlərdən qorumaq üçün adını gizli saxlamaq məcburiyyətindəyik.
Heybət