
AFFA "Sabah"ın sabiq futbolçusu və kapitanı, hazırda "Neftçi"nin formasını geyinən Elvin Camalovla bağlı araşdırmaya başlayıb.
Sportnet.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli bildirib.
Ötən gün "Sabah" sabiq futbolçusu və kapitanı Elvin Camalovla bağlı rəsmi bəyanat yayıb. Açıqlamada bildirildiyinə görə, “Sabah" FK-nın baş məşqçisinin son mətbuat konfransından sonra kluba bir çox müraciət daxil olub. Bu müraciətlər hazırda "Neftçi" FK-nı təmsil edən və "Sabah"ın keçmiş kapitanı olan Elvin Camalovun davranışı ilə bağlı vəziyyətin aydınlaşdırılmasını zəruri edir. Bununla əlaqədar olaraq, klub rəsmi mövqeyini açıqlamağı vacib hesab etdiyini bildirib.
Məlumatda Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Sabah" FK ilə "Neftçi" FK arasında baş tutmuş oyun ərəfəsində Camalovun "Sabah" futbolçularından biri ilə iki dəfə əlaqə saxlayaraq, ona cari mövsümün sonunda "Neftçi" FK-ya keçməyi təklif edib. Bu söhbətlər zamanı o, klubunun baş məşqçisinin marağını və həmin futbolçunun oyununa verdiyi yüksək qiyməti xüsusi vurğulayıb.
"Sabah" FK artıq Elvin Camalovun hərəkətlərini qaydaların pozulması kimi dəyərləndirərək, bu barədə AFFA-ya rəsmi müraciət ünvanlayıb. Həmçinin "Sabah" FK bəyanatından əvvəl "Neftçi" FK rəhbərliyi ilə əlaqə saxlayıb.
E.Məmmədli bununla bağlı aidiyyatı komitələr tərəfindən araşdırma aparıldığını deyib: “Sabah” Fubol Klubundan bizə rəsmi məktub daxil olub. Məsələ ilə bağlı aidiyyatı komitələr tərəfindən araşdırma başlanılıb".
Qeyd edək ki, hələlik nə Elvin Camalov, nə də "Neftçi" məsələ ilə əlaqədar açıqlama verməyib (qol.az).