
"Belə davranmalı deyildim".
Sportnet.az xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının XXX turunda evdə “Sabah”ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.
73 yaşlı mütəxəssis qarşılaşmanın gedişatını dəyişə bildiklərini vurğulayıb: "Layiqli qələbə qazandıq. Oyuna yaxşı başlamasaq da, ikinci hissədə gedişatı dəyişə bildik".
Türkmən məşqçi görüşün 19-cu dəqiqəsində qırmızı vərəqə almasını şərh edib: "Birinci qırmızı vərəqəm idi. Belə davranmalı deyildim. Emosiyalar idi. Futbolçumuz Hayderson Hurtadoya qarşı aqressiv davranırdılar. Amma hakimlər diqqət göstərmirdilər".
O, komandasının psixoloji durumu barədə danışıb: "Futbolçuların üzərində psixoloji təzyiq var idi. Ümid edirəm ki, bundan sonra yaxşı olacaq".
Berdıyev fasilədə oyunçularına verdiyi təlimatlar barədə söz açıb: "4-lü müdafiəyə keçid etdik. Joarlem Santosu isə irəliyə atdıq. Bunun bəhrəsini də gördük. Tribundan oyuna baxmağa gəlincə, bir daha oradan izləmək istəmərəm".
"Turan Tovuz" kollektivinin rəhbəri avrokuboklara vəsiqə qazanmaq üçün çempionatda 3-cü, yaxud "Qarabağ" və ya "Araz-Naxçıvan"ın kuboku qazanmasına ümid edəcəkləri ilə bağlı suala belə cavab verib: "Heç kimdən asılı olmaq istəmirik. Oyundan oyuna hazırlaşırıq. Kiminsə uğursuzluğuna yox, öz oyunumuza köklənirik".