
"Yaxşı ki, qalib gəldik".
Sportnet.az xəbər verir ki, bunu "Sabah" komandasının baş məşqçisi Vasili Berezutski evdə "Səbail"ə 3:2 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXXI tur matçından sonra mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis xarakter göstərərək, son dəqiqələrdə qələbə topunu vurduqlarını bildirib: "Çoxdandır bizdə bu çatışmırdı. Lakin 2 top buraxmağımız mənfi haldır. Son zamanlar qapımızda çoxlu qol görürük".
Berezutski bugünkü oyunda daha çox "Neftçi"yə qarşı aprelin 23-də keçirəcəkləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşünü düşündüklərini etiraf edib: "Əlbəttə. Buna görə də çoxlu əvəzetmələr etdik ki, onlar 90 dəqiqə oynamasınlar".
Baş məşqçi Azərbaycan Kubokunun qalibi ola bilməyəcəkləri təqdirdə, istefaya göndərilməsinin mümkünlüyünə belə reaksiya verib: "Ümumiyyətlə, nəticəsiz və hansısa nailiyyətsiz özümün də futbolda qalmağım çətindir. Buna görə də gələcəkdə nə olacağını bilmirəm. Vəziyyətə baxacağıq. İndi "Neftçi" ilə cavab görüşünə hazırlaşırıq".