
“Düzdür, Elmar Baxşıyevin kubokda təcrübəsi var. Bəs Qurban Qurbanovun nə qədər təcrübəsi var, neçə dəfə kuboku götürüb? Ona görə, şansları bərabər hesab edirəm”.
Sportnet.az xəbər verir ki bu sözləri Teleqraf-a açıqlamasında “Qəbələ”nin kapitanı Asif Məmmədov bu gün keçiriləcək Azərbaycan Kubokunun 1/2 final mərhələsinin “Qarabağ” – “Araz-Naxçıvan” cavab görüşü barədə danışarkən deyib.
2023-cü ildə Elmar Baxşıyevin rəhbərliyi altında kuboku qazanmış “qırmızı-qaralar”ın 39 yaşlı yarımmüdafiəçisi sabiq baş məşqçisinin təcrübəsinin yarımfinalda həlledici rol oynamayacağını bildirib.
Onun fikrincə, hər iki komanda finala çıxmaq üçün psixoloji məqama diqqət yetirməlidir: “Kubok görüşü digərlərindən fərqlidir. Burada komandaların motivasiyası da rol oynayır. Hər iki tərəf istəklidir.
Düşünürəm ki, şanslar bərabərdir. Baxmayaraq ki, “Araz-Naxçıvan” ilk matçda 1:0 hesabı ilə qalib gəlib. Amma meydanda hər şey anidən dəyişə bilər. Üstəlik, “Qarabağ” evdə oynayır. Ona görə də “Araz-Naxçıvan”ın işi çətin olacaq”.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 17:00-da start götürəcək. "Qarabağ" Qurban Qurbanovun rəhbərliyi altında 6 dəfə, o cümlədən, ötən mövsüm Azərbaycan Kubokunu qazanıb.