
AFFA U-15 Liqasının "Şamaxı" - "Metak" oyununda kütləvi dava baş verib.
Sportnet.az-ın məlumatına görə, hadisə ilə əlaqədar İntizam Komitəsi cəza tədbirləri görüb.
Meydan sahiblərindən Fərid Ağasarılı, qonaq komandadan Əli Şıxnəbiyev təhqirlərdən istifadəyə görə hərəyə 3 oyunluq cəzalandırılıb.
Qarşılaşmanın 80+2-ci dəqiqəsində "Şamaxı"dan Ömər Qocalı və Hüseyn Hüseynov, "Metak"dan isə Əli Zamanov və Vasif Həmidov təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıblar. Onların hər birinə 4 oyunluq cəza kəsilib.
Bu zaman "Şamaxı"nın baş məşqçisi Tərlan İsgəndərov və "Şamaxı"nın rəsmisi Amil Mənsimov da hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırılıb və hər biri 5 oyun cəzalandırılıb.
"Şamaxı" komandasında adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçi Vüqar Süleymanov meydana daxil olaraq "Metak"ın bir neçə azyaşlı futbolçusunu yumruqla vurub.
AFFA İntizam Məcəlləsinin 1-ci maddəsinin icazə verdiyi müstəsna hal nəzərə alınaraq Vüqar Süleymanov 1 il müddətinə futbolla bağlı hər hansı fəaliyyətdən məhrum edilib, müstəsna hal olaraq 500 manat cərimə edilib.
Şamaxı komandası növbəti ev oyununu azarkeşsiz keçirəcək.