
“İkinci hissəyə baxsaq, bu gün iki xal itirən biz olduq”.
Sportnet.az xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XXXII turinda səfərdə “Turan Tovuz”la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfranslnda deyib.
44 yaşlı mütəxəssis oyuna görə nəticədən narazı qaldığını dilə gətirib: “Çətin və maraqlı oyun keçdi. Hər iki komanda qalib gəlmək istəyirdi. Birinci hissə mübarizə daha çox meydanın ortasında getdi.
İkinci hissədə hücumçularımdan daha sürətli oyunlar görmək istəyirdim. Nəticədən aslı olmayaraq, bunu gördüm. Futbolçularımdan razı qaldım, xalımızın üzərinə xal gəldi. Rəqibin üstün cəhətini bilirdik, həmin cəhətə görə də qol vurdular.
Standart vəziyyətdə futbolçularım yaxşı çıxış etdilər. Davam edirik. Son oyunlar qalıb, hər xal bizim üçün vacibdir. Çalışırıq ki, yuxarı pillələrə qalxaq”.
Abbabov heyətdəki bəzi futbolçuların zədəli olduğunu açıqlayıb: “Rafael Məhərrəmli üçün 99 faiz mövsüm bitirib. Vasiliye Radenoviç dünən məşqdə zədələndi. Vasiliye Bakiçin vəziyyəti ağır idi, risk etmədik. Maykl Tuik də zədəlidir. Leroy Mikels də zədədən yeni qayıdıb, tam hazır deyil, 3-cü dövrəni tam oynamadı. Amma ona inanırıq.
Leroyun mövqeyi hücum olsa da, bugünkü mövqeyində də tapşırıqları düzgün yerinə yetirdi. Zədədən sonra bu gün meydanda pis performans sərgiləmədi”.
Təcrübəli mütəxəssis Əvəzedicilər Liqasında da bəzi futbolçuları baxışdan keçirdiyini qeyd edib: “Daha çox 2006-2007 təvəllüdlü gənclərə baxıram.
Gələcəyimizdirlər, həm də U-21-in heyətini genişləndirmək istəyirik. I Liqa maraqlı oldu. “İmişli” - “Qəbələ” oyununa baxıb təəccübləndim. Bəlkə də bölgə idi, azarkeş amili rol oynayırdı. Əvəzedicilər Liqasından da bəzi futbolçuları bəyənmişik.
Onları “Şamaxı”ya və U-21-ə gətirmək istəyirik. Bilmirəm, alınacaq, ya yox. İnanmaq lazımdır. Bəzən deyirik, az inanırıq. Bu gün Rüfət Abbasov və Edqar Ədilxanov göz qabağındadır. Çempionatda sabit oynayırlar. Düzdür, üzərlərində işləməlidirlər. Məsələn, Rauf Rüstəmli hazırda Azərbaycanda ən yaxşı “6” nömrələrdən ola bilər”.
Abbasov daha çox yerli futbolçulara şans verməyin vacibliyini qeyd edib: “Klublar daha çox yerli futbolçualara inanmalıdırlar. Burada futbolçularda da, klublarda da günah var. Tələsirik, tez bur zamanda nəticə qazanmağa səbirsizlənirik. Bunları kompleks şəkildə etmək lazımdır. Həmişə demişəm, bəzi komandalar öz büdcələrinə uyğun fəlsəfəsini seçməli, tələsməməlidirlər.
Arsen Ağcabəyov və Səbail Bağırov I Liqadan gəlib, bizdə çalışırlar. I Liqadan elitaya qalxan kimi legioneri gətirirlər. Halbuki, orada əziyyəti olan futbolçular yerlilərdir. Biz “Turan Tovuz”da da bunu etmişdik. Mən ora gedəndə 13 yerli futbolçu saxladım. Faiq Hacıyev göz qabağındadır, hazırda “Turan Tovuz”un əsas heyət oyunçusudur. Təbii ki, buna inanmaq lazımdır”.
“Şamaxı”ının baş məşqçisi “Turan Tovuz”la son iki qarşılaşmadan bərabərliklə ayrılmalarını rəqibin bəxt amilinə bağlayıb: “Hər iki oyunda rəqibin bəxti gətirdi. Tovuzda bir hücum, bir qol oldi. Burada 3 hücum 1 biz qol, yəni dramatik oyun alındı. Son dəqiqələrdə biz hücumlar qurduq. Şamaxıda son dəqiqələrdə penalti oldu. Bu gün də ikinci hissədə qapıya gedən zərbəni qola çevirə bilmədik. Top qapıya girmədi”.
Qeyd edək ki, “Şamaxı” Tovuzdakı heç-heçədən sonra 35 xalla turnir cədvəlinin 6-cı pilləsinə yüksəlib.
Həşim MƏMMƏDOV