
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin və “Şamaxı”nın Rüfət Abbasov sportnet.az-a müsahibə verib. 20 yaşlı müdafiəçi özü və komandası barədə sualları cavablayıb.
- Hazırda “Şamaxı”da əsas heyət oyunçususunuz. Burada parlamağınızın səbəbkarı kimdir?
- “Şamaxı”ya baş məşqçi Ayxan Abbasovun istəyi ilə transfer olundum. Hər şey yaxşı alındı. Bütün oyunlarda meydana çıxıram, lakin bu, heç nə demək deyil. Öz üzərimdə işləyir, daha yaxşı formada olmağa çalışıram.
- “Neftçi”də qalsaydınız, bu, karyeranıza necə təsir edərdi: Azarkeşlər Rüfət Abbasov adında bir oyunçu tanıyacaqdılarmı və U-21-dən kənarda qala bilərdinizmi?
- Bu barədə heç nə deyə bilmərəm. Xeyirlisi “Şamaxı”da olmaqdır. Müsbət haldır ki, həm “Şamaxı”da, həm də U-21 millimizdə oyunlara çıxıram.
- Ayxan Abbasovun U-21-ə baş məşqçi təyinatı sizin üçün də üstünlükdürmü?
- Bəli, Ayxan müəllimin milli komandada olması bizim üçün üstünlükdür. Həm klubda, həm də millidə eyni baş məşqçinin rəhbərliyi altında oynamaq daha rahatdır. Əsas hədəfim üzərimdə daha da işləyərək, ən yaxşı formaya gəlməkdir.
- Legioner həyatı yaşamaq istəyirsiniz, yoxsa Ayxan Abbasovun rəhbərliyi altında çıxış etmək daha yaxşıdır?
- “Şamaxı” ilə 1 illik müqaviləm var, fikrimi öz oyunuma yönəltmişəm.
- Mövsümü neçənci yerdə başa vurmağı hədəfləyirsiniz?
- Qarşıda 4 tur var, hər oyuna ciddi yanaşacağıq. Oyundan-oyuna qələbə qazanmaq istəyirik. Çalışacağıq ki, xallar yığıb ən yaxşı mövqedə yer alaq.
Həşim MƏMMƏDOV