
"Olduqca stresli oyun idi. Hər iki tərəf qələbə qazanmaq istəyirdi. Biz ikinci yeri təmin etmək, rəqib isə üçüncü pillə uğrunda mübarizəsini davam etdirmək istəyirdi".
Sportnet.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Turan Tovuz"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXXIII tur matçından sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssisin sözlərinə görə, ilk saniyələrdən meydanda böyük aqressiya, intensiv futbol, çoxlu mübarizə nümayiş etdirilib: "15-ci dəqiqədən sonra yavaş-yavaş öz oyunumuzu bərpa edərək, bərabər mübarizə şəraiti yaratdıq. İkinci hissəyə isə daha fəal başladıq, rəqibi yaxşı əks-hücumda yaxalayaraq, qol vurduq. Düşünürəm ki, gözəl və baxımlı qol alındı".
Sadıqovun sözlərinə görə, kapitan Qismət Alıyev qırmızı vərəqə aldıqdan sonra meydanda tam fərqli oyun nümayiş etdirilib: "Artıq bizə mübarizə apararaq, hesabı qorumaq qalırdı. O dəqiqələrdə futbolçularımız amansız mübarizə aparırdılar, sonadək inamlı idilər ki, qol buraxmayacağıq. Halbuki, "Turan Tovuz"un uzun hava topları ilə say üstünlüyündən yaxşı istifadə edən komanda olduğunu hamımız bilirdik. Sevinirik ki, bu komponentdə də uduzmayaraq, vacib qələbə qazandıq".
Baş məşqçi "Zirə"nin ikinci yeri tutması münasibətilə komandanın oyunçularını, azarkeşləri və klub rəhbərliyini təbrik edib: "Bu il bizim üçün ikinci yer olduqca önəmli idi. Bir uğuru qazanmaq mümkündür, amma onu qoruyub saxlamaq həmişə çətindir. Bu mövsüm bizim üçün daha çətin keçirdi. Rəqiblər bizə qarşı daha fərqli çıxış edirdilər. Amma bu yükün öhdəsindən gələ bildik. Avrokuboklara ikinci yerin sahibi kimi gedirik. Bu, bizi çox sevindirir.
Futbolçularıma bütün mövsüm boyunca göstərdikləri əzmkarlıq və peşəkarlığa görə təşəkkürümü bildirirəm. Çox əziyyət çəkirdik. Elə olurdu ki, futbolçumuzun burnu və ya almacıq sümüyü qırılır, çoxsaylı zədələr olurdu. Bu çətinliklərə rəğmən, komandada daim iradə və nəticəyə doğru irəliləyən kollektiv görürdüm. Çox xoşdur ki, sonda isəyimizə nail olduq. Bir daha "Zirə" ailəsini ürəkdən təbrik edirəm.