
Azərbaycan II Liqasında XXIV turun mərkəzi görüşü "Şəfa" və "Şahdağ Qusar" komandaları arasında keçirilib.
Sportnet.az xəbər verir ki, "ASK Arena"da təşkil olunmuş matç qolsuz bərabərliklə yekunlaşıb - 0:0.
Qarşılaşma təhlükəli vəziyyətlərlə zəngin olmasa da, gərgin mübarizə şəraitində oynanılıb. Dəfələrlə meydanda iki komandanın futbolçuları bir-biriləri ilə insident yaşayıblar. Tribunaların əksər hissəsini dolduran tamaşaçılar meydanda sərt, barışmaz və kobud oyuna şahid olublar.
Bəzi epizodlarda tribunada olan 3000-dək qusarlı azarkeşlər meydana yad əşyalar da atmaqdan çəkinməyiblər. Oyun öncəsi "Şəfa" rəhbərliyinin onlar üçün biletləri 10 manata qaldırmalarına etiraz olaraq, fanatlar meydana kağız parçalarından şabaş atmağa başlayıblar.
Oyunda qolun vurulmaması "Şahdağ Qusar" azarkeşlərinin əhvalını pozmayıb. Çünki bu nəticə qonaq komanda üçün sərfəli olub.
Beləliklə, sona 2 tur qalmış Elnur Abdullayevin baş məşqçi olduğu kollektiv xalını 68-ə çatdıraraq, ən yaxın izləyicisi "Şəfa" ilə 3 xallıq fərqi qoruyub. Qalan oyunlarda "Şahdağ Qusar" bir qələbə qazansa, çempion olacaq.