
"Maksimum nəticə əldə edərək, elitada qalacağımıza inanırıq".
Bunu sportnet.az-a açıqlamasında "Səbail"nin futbolçusu Rüfət Abdullazadə Azərbaycan Premyer Liqasının XXXIII turunda səfərdə "Şamaxı" ilə 1:1 hesablı heç-heçə etdikləri görüşdən sonra deyib.
24 yaşlı yarımmüdafiəçi qarşılaşmanın gərgin keçdiyini bildirib: "Bura qələbə qazanmaq üçün gəlmişdik, çünki bizə lazım olan bu idi. Amma istəyimizə çata bilmədik. Çoxlu şanslarımız olsa da, oyun vəziyyətindən qol vura bilmədik".
O, komandasının Premyer Liqada qalacağına inandığını, yeni təkliflər üzərində düşünmədiyini söyləyib: "Hələ şanslarımız var. Sona 3 oyun qalıb. Oyunlarda yaxşı çıxış edirik, bircə çatışmayan qələbədir. Növbəti oyunlarda qələbə qazanmağa çalışacağıq. Başqa məsələlər barədə düşünmürük".
Abdullazadə oyunun 67-ci dəqiqəsində baş hakim Elçin Məsiyevin təyin etdiyi penaltinin doğru qərar olduğunu əlavə edib.
Qeyd edək ki, Rüfət Abdullazadə matçda təyin olunan penaltidən qol vuraraq komandasını məğlubiyyətdən xilas edib. Bu, onun Premyer Liqanın cari mövsümündə 6-cı qolu olub. "Səbail" 33 oyundan 21 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. "Dənizçilər" növbəti turda "Zirə"ni qəbul edəcək.