
“Qarabağ” mövsümün sonunda “qızıl dubl” etsə, möcüzə baş verməyəcək. “Köhlən atlar” “Sabah”dan güclüdür və istədisə, kuboku götürəcək. Komandalar arasında oyun baxımından fərq böyükdür”.
Bunu sportnet.az “Qarabağ”ın və Azərbaycan millisinin sabiq kapitanı Maksim Medvedev Ağdam təmsilçisinin Azərbaycan Kubokunun finalında şansını dəyərləndirərkən deyib.
Medvedev mövsümün sonunda “Qarabağ”ın ölkə kubokunu qazanaraq “qızıl dubl”a nail olma ehtimalını yüksək dəyərləndirib: “Bunu “köhlən atlar”dan gözləyirəm. Baxmayaraq ki, “Sabah”ın əsas fikri kubokdur, amma yenə də biz reallıqdan uzaqlaşmamalıyıq. Bu il “Qarabağ” həm kubokda, həm çempionatda yenə öz sözünü deyir. Növbəti illərdə fərqli situsiya olsa, bəlkə də rəqabət də fərqli ola bilər”.
36 yaşlı veteran futbolçu Azərbaycan çempionatında “Qarabağ”ın “dişinə görə” rəqib olmadığını vurğulayıb. Onun fikrincə, birinci yerlə digər rəqiblər arasında xal fərqinin çox olması bu uçurumu açıq-aşkar göstərir: “Qarabağ” hər il öz oyunu ilə sübut edir ki, çempionluğa layiq komandadır.
Hətta bu mövsüm də onlarla rəqabət aparan rəqib yoxdur. Xal fərqinə baxsaq, ikinci yerlə 13 xal, 3-cü yerlə 25 xal fərq var ki, bu da elə-belə deyil. İndiki vəziyyətdə “Qarabağ”a bir az yaxınlaşan “Zirə”dir, amma yenə də xal fərqi çoxdur. Digər klublar güclü olmalıdırlar ki, çempionatın sonunda arada 3-4 xallıq fərq olsun. O zaman deyə bilərik ki, əməlli-başlı rəqabət var”.
Medvedev Azərbaycanda ikinci dəfə 8 - 12 mayda tik-tokerlər, blogerlər və veteran futbolçular arasında keçirilən Media Liqasında iştirakından da danışıb: “Bu, əyləncə xarakteri daşıyan layihədir. Təbii ki, peşəkarlıqdan danışa bilmərik. Düzdür, bəziləri yaxşı oynayır. Artıq bizim kimi peşəkar futbolu görən futbolçularla bir komandada oynamaq onlar üçün daha maraqlıdır, zövq alırlar. Biz özümüz də əylənirik.
Demək olar, məşq boyu əhval-ruhiyyəm yüksək idi. Mənə görə bunlar çox maraqlıdır. Hamımızın bir arada olduğu, şou xarakterli belə proyektin təşkil olunması yaxşıdır. Ötən il 2 komanda idi, bu il 4-dür, ola bilsin, növbəti mövsüm daha çox olar. Bizim kimi veteran futbolçular üçün də bu, çox maraqlıdır. Nə qədər çox komanda, məşhur simalar iştirak etsə, maraqlı olacaq. Media Liqasını daha çox reklam etmək, şouya çevirmək lazımdır, çünki camaat bunu xoşlayır.
Qonşu ölkələrdə də bu tip media liqaları keçirilir və ora 10-15 min azarkeş yığılır. Bu, daha da yaxşıdır. Bunun üstündə işləmək və sponsor tapmaq lazımdır. AFFA dəstək verir, ümid edirəm ki, gələcəkdə daha çox dəstək və maraq olar”.
Qeyd edək ki, i, Azərbaycan Kubokunun final oyunu mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Matç saat 19:00-da start götürəcək.