
İngiltərənin “Çelsi” klubu gələn mövsüm iştirak edəcəyi avrokubok turnirini özü seçmək hüququna sahib ola bilər.
Sportnet.az ESPN nəşrinə istinadən xəbər verir ki, bu, “zadəganlar”ın İngiltərə Premyer Liqasında Çempionlar Liqası zonasına düşəcəyi və eyni zamanda Konfrans Liqasının finalında “Betis” üzərində qələbə qazanacağı halda mümkündür.
Konfrans Liqasını qazanmaq komandaya növbəti mövsüm Avropa Liqasında iştirak haqqı verir. Belədə, London klubu gələn mövsüm Çempionlar Liqası və Avropa Liqası arasında seçim edə biləcək.
Qeyd olunur ki, bu qayda aşağı reytinqli liqalardan olan komandalar üçün tətbiq edilib. Belə komanda həm Konfrans Liqasını qazanarsa, həm də yerli çempionatda qalib gələrsə, Çempionlar Liqasının Liqa mərhələsinə təsnifat mərhələsi vasitəsilə yüksəlmək çətin göründükdə, Konfrans Liqasındakı qələbə sayəsində birbaşa Avropa Liqasına vəsiqə əldə etmək imkanı yaranır.
Qeyd edək ki, “Çelsi”nin Çempionlar Liqasına düşməsi üçün Premyer Liqanı ilk beşlikdə tamamlaması lazımdır. Sona iki tur qalmış London təmsilçisi əlavə göstəricilər hesabına “Aston Villa”nı qabaqlayaraq beşinci yerdə qərarlaşıb.