
“Mövsümün uğursuz komandası “Səbail” oldu, bu, artıq faktlara söykənir. Göstərdiyi oyuna görə isə uğurlu komanda “Zirə” oldu. Ötən il topladığı xallarla builki arasında böyük fərq var. Qısacası, “Səbail” uğursuz, “Zirə” uğurlu komanda oldu”.
Bunu Sportnet.az-a açıqlaqmasında 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasını tərk edəcəyi rəsmiləşən “Səbail”in sabiq baş məşqçisi Şahin Diniyev çempionatın gedişini dəyərləndirərkən deyib.
XII turda komanda 9-cu pillədə yer alarkən “dənizçilər”in baş məşqçi postundan istefa verən 59 yaşlı mütəxəssis sabiq klubunun uğursuzluğunun səbəblərindən danışmaq istəməyib. O, nəticələrin şansla bağlı olmadığını qeyd edib: “Futbolda şanslı, şansız məsələsi yoxdur.
Oyun və hansısa komponentlər kənarda qalır, əsas nəticədir. Mümkün deyil ki, hansısa komanda mövsüm ərzində şanssız və ya əksinə olsun. Futbolda belə bumeranq sistem var ki, 90+3-da qol vura bildiyin kimi, hansısa oyunda 90+3-də qol buraxa da bilərsən. Futbol ən ədalətli oyunlardan biridir”.
Diniyev başa çatmaqda olan mövsümü dəyərləndirib, avrokuboklara vəsiqə qazanmağı hədəfləyən komandalar barədə də fikir bildirib: “Mövsümün əvvəlində “Sabah” və “Neftçi” kimi komandalara ümidlər böyük idi. Həm maliyyə, həm də güc baxımından gözləntilər fərqli idi. “Turan Tovuz” və “Araz-Naxçıvan”ın ilk “dördlük”də yer alması isə bir qədər gözlənilməz oldu.
Az öncə sadaladığım komandalarla paytaxt təmsilçiləri arasında fərq çox olsa da, onlar daha uğurlu oldular. Avrokuboklara yollanacaq üç komanda: “Qarabağ”, “Zirə”, “Araz-Naxçıvan” bəllidir. Kubokun finalından sonra bilinəcək, dördüncü klub ya “Sabah” olacaq, yoxsa “Turan Tovuz”.
Xatırladaq ki, Şahin Diniyev 2022-ci ilin dekabrından 2024-cü ilin noyabrınadək "Səbail"ə rəhbərlik edib. 59 yaşlı mütəxəssis komandanı bütövlükdə 73 oyuna çıxarıb. Dənizçilər bu görüşlərdən 21 qələbə, 14 heç-heçə ediblər, 38 məğlubiyyətlə ayrılıb. Diniyev daha öncə "Kəpəz", "Rəvan", "Qarabağ", Rusiyanın "Terek" (indiki "Ahmat") klublarında və Azərbaycan millisində baş məşqçi işləyib.