
UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün Liqa mərhələsində iştirak edəcək 36 komandadan 23-ü məlum olub.
Sportnet.az xəbər verir ki, daha 7 komandanın adı Azərbaycan Premyer Liqasının qalibi "Qarabağ"ın da mübarizə aparacağı təsnifat mərhələsindən sonra bilinəcək.
Ağdam təmsilçisinin təsnifata ikinci mərhələdən başlayacağı gözlənilir.
Türkiyə Super Liqasında çempion olan "Qalatasaray" da Liqa mərhələsinə birbaşa vəsiqə qazanan komandalar arasındadır.
Vəsiqəni təmin edən komandaların səbətlər üzrə bölgüsü belədir:
I səbət : "Real Madrid", "Barselona" (hər ikisi İspaniya), "Bavariya", "Borussiya Dortmund" (hər ikisi Almaniya), "Liverpul" (İngiltərə), PSJ (Fransa) və "İnter" (İtaliya).
II səbət: "Arsenal" (İngiltərə), "Bayer Leverkuzen", "Ayntraxt Frankfurt" (hər ikisi Almaniya), "Atalanta" (İtaliya), "Vilyarreal" və "Atletiko Madrid" (hər ikisi İspaniya).
III səbət: PSV, "Ayaks" (hər ikisi Niderland), "Napoli" (İtaliya), "Sportinq" (Portuqaliya), "Olimpiakos" (Yunanıstan), "Slaviya Praqa" (Çexiya) və "Marsel" (Fransa).
IV səbət: "Monako" (Fransa), "Qalatasaray" (Türkiyə) və "Atletik Bilbao" (İspaniya).
Digər 6 yerin sahibi Avropa ölkərinin çempionatlarında mövsüm yekunlaşandan sonra bilinəcək. Bu, UEFA Avropa Liqasının qalibi ("Mançester Yunayted" və ya "Tottenhem" - hər ikisi İngiltərə), İngiltərə Premyer Liqasının 3-cü, 4-cü və 5-ci pillələri tutan komandalar ("Mançester Siti", "Nyukasl Yunayted", "Çelsi", "Aston Villa" və "Nottingem Forest" arasında mübarizə gedir), İtaliya A Seriyasını 4-cü bitirən ("Yuventus", "Roma" və ya "Latsio") və Belçika çempionu ("Royal Yunion" və ya "Brügge") komandalar olacaq.
Qeyd edək ki, Çempionlar Liqasının cari mövsümündə finalda "İnter" və PSJ klubları üz-üzə gələcəklər. Mayın 31-də Almaniyanın Münhen şəhərində təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.