
AFFA Region Liqasında mövsümə yekun vurulub.
Sportnet.az xəbər verir ki, yarışın son iki matçı Qəbələdə təşkil olunub.
Öncə 3-cü yer uğrunda görüşdə "Ağstafa Gəncləri" "Göyəzən"lə qarşılaşıb. Qəbələ şəhər stadionunun ehtiyat meydanında keçirilən oyunda Ağstafa təmsilçisi 5:2 hesablı qələbə qazanaraq bürünc medallara sahib çıxıb.
Region Liqasının finalı isə Qəbələ şəhər stadionunun əsas meydanında "Xankəndi" və "Şirvan" arasında baş tutub. Həlledici qarşılaşma "Xankəndi"nin 3:0 hesablı qələbəsi ilə nəticələnib.
Qolları Bayram Əliyev 16-cı, Hüseyn Axundov 63-cü, Elariz Xəlilli 79-cu dəqiqədə vurub.
İbrahim Uzuncanın rəhbərlik etdiyi kollektiv qızıl medallara yiyələnməklə yanaşı, Azərbaycan çempionatının II Liqasına və UEFA Regonal Kubokuna vəsiqə qazanıb.
"Şirvan" kollektivinin də II Liqaya yüksəlmək şansını var. Bundan ötrü adıçəkilən komanda II Liqada 13-cü yeri tutmuş "Lerik"i üstələməlidir.