
"Qarabağ" klubunun və Azərbaycan milli komandasının futbolçusu Aleksey İsayev ümumi müayinədən keçib.
Kardioloq, travmotoloq, ümumi cərrah, terapevt, nevroloq, oftalmoloq, fizioterapevt və LOR yoxlanışından sonra qan analizləri götürülüb. Onun sağlamlığında heç bir problem aşkarlanmayıb.
Millinin baş məşqçisi Fernandu Santuş isə bu gün keçirdiyi mətbuat konfransında İsayevin zədə səbəbindən milliyə çağırılmadığını söyləyib.
"Qarabağ"ın mətbuat katibi Anar Hacıyev isə məsələyə belə aydınlıq gətirib: "Açığı, burada bir xəta var. Yəqin ki, o xəta düzəldiləcək. Ola bilsin, müayinədən keçəndə Alekseyin fotosu da ora düşüb. Hələ ötən həftədən bilinirdi ki, İsayev zədəlidir. Ötən tur "Kəpəz"lə matçı matçı buraxmışdı, sabah isə "Şamaxı"ya qarşı oynamayacaq.
Qeyd edək ki, Azərbaycan yığması iyunun 7-də səfərdə Riqada Latviya, iyunun 10-da isə Bakıda Macarıstanla yoldaşlıq görüşü keçirəcək.