
"Milliyə getmək, amma oynamamaq inkişaf deyil. Bu futbolçuların beynəlxalq təcrübəsi olmalıdır".
Sportnet.az xəbər verir ki, bunu "Şamaxı" klubunun və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Ayxan Abbasov deyib.
44 yaşlı mütəxəssisin sözlərinə görə, futbolçunu milliyə çağırıb-çağırmamaq baş məşqçinin qərarıdır: "Bizim fikir mübadilələrimiz olur. Tək Edqar Adilxanov deyil, digər gənc futbolçular da Fernandu Santuşun nəzarətindədir. Edqar Azərbaycan çempionatı səviyyəsində yüksələ bilər, amma biz bu səviyyəni artırmaq istəyiriksə mütləq beynəlxalq oyunlar olmalıdır. Bu gün U21-də Edqar, Rüfət Abbasov və digərləri daha çox inkişaf edə bilər. Yenə də qeyd edim ki, Edqar və digərləri nəzarətdədir".
Abbasov Premyer Liqa klublarından gənc futbolçuları milliyə də faydalı ola bilmələrindən ötrü "Şamaxı"ya gətirmək istədiklərini bildirib: “Biz “Qəbələ” ilə razılığa gəlmişik. Emil Süleymanovu bizə icarəyə veriblər.
Digər komandalara müraciət etmişik. Təəssüf edirəm ki, bəzi məşqçilər o futbolçuları say hesabına görə komandada saxlayırlar. Məsələn, Rauf Rüstəmovun müqaviləsi bitdi, “Sabah”a qayıtdı.
Mövsümün əvvəlində milliyə çağrılacağını desəydik, inanmazdı. Bu mövsüm çempionatda 30-dan çox oyuna çıxıb millinin məşqçisinin rəğbətini qazanıb. Eynilə Cəlal Hüseynov da Bolqarıstanın "Arda" komandasından bizə icarəyə gələndə yaxşı formada deyildi. Amma son oyunlar onun buna layiq olduğunu göstərdi. Məncə, biz Cəlalı da qazandıq. Komandalar bunu bilməlidir. 12 futbolçu üçün klublara müraciət etsək də, yalnız “Qəbələ”dən müsbət cavab almışıq. Digərləri gözləyirlər".
U-21-in baş məşqçisi Premyer Liqaya yeni gələn komandaların gənclərə şans verəcəklərinə ümidvar olduğunu dilə gətirib: "Onlarla söhbət edəndə bu barədə düşündüklərini bilmək məni sevindirir. Bu gün “Sumqayıt”ı təbrik etmək laızmdır. Oradan milliyə çağırdığım 5 futbolçu da əsas heyətdə yer alır. Klublardan heç də hər kəs legioner gətirməyi düşünmür. Gənc futbolçuların klublarımızda debüt etməyi bizim üçün sevindiricidir. Gələn mövsüm də belə olacağına inanıram".
O, "Şamaxı"da cəmi 4 legionerin qaldığını, qalanları ilə yolları ayırdıqlarını bildirib: “Andrey Tırkoveanunun bizimlə gələn mövsüm üçün müqaviləsi var, Rikardo Fernandeslə daha əvvəl müqaviləni uzatmışıq.
Vladislav Veremeyev və Alfons Msanqa da gələn mövsüm bizimlə olacaqlar. Bu 4 legionerdən başqa digər əcnəbilərlə sağollaşmışıq. Son oyunlarda gəncləri də meydanda görmək istədik. Həqiqətən də sadəcə 2 legioner və gənc futbolçularla “Qarabağ”a qarşı oynamaq hər adama nəsib olmur. Onların meydanda inamlı oynamaları bizə lazım idi. Hələlik, 4 legionerimiz var. Transferlərə başlayacağıq".
Abbasov komanda qurmağın çətinliyindən də bəhs edib: "Futbolçulara vədlərimizi yerinə yetirməliyik ki, problemlər olmasın. Şükürlər olsun ki, maaş və mükafatlarla bağlı problemlərimiz olmur.
Bu mövsüm ayrılan büdcə keçənilkindən çox idi. Çünki biz də futbolçular dəvət etmişdik. Məsələn, Rikardo, Andreylə müqavilə bağlayırıq. Buna görə də büdcə artmalıdır. Hara getmişəmsə, sponsor gəlib. Bəlkə bir gün “Şamaxı”ya da gələr. Düzdür, sonra mən orada qalmıram (gülür - red.). Eybi yox, təki sponsor gəlsin".