
“Oyuna necə deyərlər, öz dəvətimlə gəlmişəm. Şamaxılıyam, Sarıtorpaq məhəlləsindən. Burada evim, bağım var. Bu da gənc komandadır, oyunları da normaldır”.
Bunu Sportnet.az-a açıqlamasında Azərbaycan Premyer Liqasında XXXVI turun “Şamaxı” - “Qarabağ” oyununu stadiondan izləyən xalq artisti İlham Namiq Kamal deyib.
Məşhur aktyor və teatr rejissoru qonaqların baş məşqçisi Qurban Qurbanova çox böyük hörmətinin olduğunu söyləyib: “Amma bir şeydən utandım ki, onun oyunçuları özlərini qoçu kimi aparırdılar. Baş hakim də onlara qoşulmuşdu. 12 qoçuya qarşı ən fağır uşaqlar oynayırdılar. Bunların maaşları bilirsinizmi nə qədərdir? Əvəzedici heyətdə oynaırlar, 150 - 250 manata, Özünüz təsəvvür edin. Mənə bir daha aydın oldu ki, futbol pul deməkdir. Pulu olan da necə deyərlər, özünü bir az ərköyün aparır. Amma əlbəttə, gəncləri qorumaq və gənc komandanı dəstəkləmək lazımdır”.
Xalq artisti AFFA-dan “Şamaxı”ya yardım edilməsi üçün xahiş edib: “Komandaya normal vəsait ayırsınlar. Bu vəsaitlə Premyer Liqada qalmağı bacarmalarının özü böyük xoşbəxtlikdir”.
O, “şirlər”in sporsonsuz olduğunu xatırladıb: “Başda icra başçısı, rayon prokuroru, İş adamları olmaqla, imkanlı şəxslər kömək edirlər. Amma sponsor daha çox olsa, daha yaxşı olar”.
İlham Namiq Kamal Azərbaycan Kubokunun “Qarabağ” və “Sabah” arasında keçiriləcək final oyununda tərəf tutacağı komandanı açıqlayıb: “Qurban Qurbanovun komandası mənim dəstəklədiyim kollektivdir. Elə Azərbaycan Kubokunun da qalibi "Qarabağ" olacaq. Bu komandanın çıxışını yüksək qiymətləndirirəm”.
Haşım MƏMMƏDOV