
"Kəpəz" komandasının baş məşqçisi Azər Bağırov istefa verib.
Sportnet.az xəbər verir ki, bu barədə 41 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasının XXXVI turunda səfərdə "Turan Tovuz"a 0:4 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında bildirib .
O, görüşün nəticəsinin əvvəlcədən bəli olduğunu söyləyib: "Rəqibi təbrik edirəm. İnanıram ki, çəkilən əziyyət yerdə qalmayacaq".
"Ötən gün futbolçularla görüş oldu. Bu görüşün neqativ tərəfləri bu gün meydanda görünürdü. Bəzi məsələlərdə razılaşa bilmədik. İkitərəfli razılıq əsasında da yollarımızı ayırmağa qərar verdik. Mənim də istəklərim, iddialarım, baxışlarım fərqlidir. Yeni rəhbərlik tam başqa cür düşünür. Futbolda belə şeylər olur və olacaq da. Biz isə daha da güclü olmalıyıq", - deyə Bağırov əlavə edib.
Baş məşqçi komandada əsas söz sahibinin kimin olacağını bilmədiyini dilə gətirib: "Bu gün sonuncu dəfə "Kəpəz" barəsində danışacağam. Burada yaxşı dostlar tapdım. Çoxları "Kəpəz"in üstündən xətt çəkdiyi anda komandanı Premyer Liqada saxladıq. Sabah komandadan ayrılmalı olan oyunçularla bağlı qərarı yeni baş məşqçinin, idman direktorunun və ya digər direktorun verəcəyini bilmirəm. Hər bir şeydə xeyir var. Düşünürəm ki, həm "Kəpəz", həm də mənim üçün hər şey yaxşı olacaq".
O, futbolçuların bilərəkdən oynamamalarını istisna edib: "Futbolçular baş məşqçinin klubdan ayrılacağını biləndə ruh düşkünlüyü olur. Biz ustalıq hesabına deyil, komanda şəklində, döyüşkənliyin sayəsində xallar qazanmışıq. Bilərəkdən oynamamaq ola bilməz. Burada belə futbolçu da tanımıram. Futbolçular hissiyatlı insanlardır".
Bağırov rəhbərliklə olan görüş barədə danışmaq istəmədiyini vurğulayıb: "Çünki klubla mənim aramda olan məsələlərdir. "Kəpəz"dən yalnız müsbət şeyləri danışacağam. Sadəcə, fikirlərimiz üst-üstə düşmədi. Bu da təbiidir. Futbolda belə şeylər olur. Komandaya uğurlar arzulayıram. Bu klubu və azarkeşləri sevdim. Mənim də burada haqqım var. Çünki vaxtımın çox hissəsini ailəmlə keçirə biləcəyim halda, futbolçularla keçirirdim".
O, hər şeyə peşəkar tərəfdən yanaşdığını deyib: "Həyat davam edir. Zaman hər şeyi göstərəcək. Futbolçulara hər zaman demişəm ki, həyatda düz olmaq lazımdır. Düzsənsə, heç kəsin qarşısında gözükölgəli olmursan. İdmançı da mübarizliyini düz aparmalıdır. Mənə elə gəlir ki, həyat insanı güclü etməyə hər zaman hazır edir. İrəli baxmaq lazımdır. Mətbuat da, mütəxəssislər də gördüyümüz işləri ucuz bilmədilər".
Baş məşqçi mövsümün sonuna qədər "Kəpəz"də qaldığı üçün peşman olmadığını bildirib: "Bəlkə də həftələr öncə "Kəpəz"dən ayrılsaydım, komanda Premyer Liqada qalmayacaqdı. Həqiqətən sevinirəm ki, azarkeşlər növbəti mövsümdə də komandalarını elitada dəstəkləyəcəklər. Gəncəyə böyük futbol yaraşır".
O, son olaraq komandanın növbəti baş məşqçisi ilə bağlı danışıb: "Mətbuatda Aleksey Baqa barədə görmüşdüm. Futbol ictimaiyyətimiz elə də böyük deyil. Şərtlər məni qane etmədiyi üçün qalmadım. Sabah Baqa da gələ bilər, Mirça Rednik də. Əsası, "Kəpəz"də böyük futbolun olmasıdır".