
"Bizə dəstək olan bütün xalqımıza təşəkkür eedirəm. Əziyyət çəkib gələn azarkeşlər də sağ olsunlar. Onların sonadək dəstəkləri nəticəsində qələbə qazandıq".
Sportnet.az xəbər verir ki, bunu minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında Mavritaniya üzərində 2:0 hesablı qələbə qazandıqları A qrupunun III tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.
49 yaşlı mütəxəssis matçın çətin alındığını, lakin rəqibin müdafiəsini zərərsizləşdirmək üçün səbrlə və sonadək çalışdıqlarını bildirib: "Bu, bizə sona doğru nəsib oldu. Komandamı təbrik edirəm. Futbolçularımız çox yaxşı oyun göstərdilər".
Quliyevin sözlərinə görə, oyunlar get-gedə çətinləşir: "Rəqiblər də komandamızı analiz edirlər. Ona görə də heç bir komanda bizimlə açıq futbol oynamır. Hamısı oyunu müdafiədən qurur. Nəticədə daha artıq güc itirir, ikiqat çətinlik çəkirik".
Baş məşqçi 1/8 finalda qarşılaşacaqları rəqibin adına bu gün aydınlıq gələcəyini xatırladıb: "Çalışacağıq ki, növbəti rəqibimizi analiz edərək, oyuna hazırlaşaq. Pley-off bir oyundan ibarətdir, kimsə qalib gəlməlidir. Ona görə də daha yaxşı hazırlaşmalıyıq. Hələ iki gün vaxtımız var".
Qeyd edək ki, A qrupunun lideri kimi mərhələ adlayan Azərbaycan millisinin 1/8 finalda rəqibi B qrupunun Fransa - Rumıniya görüşündən sonra bəlli olacaq. Bu matç bu gün saat 22:00-da başlanacaq.