
"Qarabağ" və "Sabah" komandaları arasında keçiriləcək Azərbaycan Kubokunun final matçının oyunöncəsi mətbuat konfransları və açıq məşqin vaxtı müəyyənləşib.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, mətbuat konfransları mayın 29-da Tofiq Bəhramov adına Respublika Stadionunun konfrans otağında baş tutacaq.
Nominal meydan sahibi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı saat 13:00-da, “Sabah”ın baş məşqçisi Vasili Berezutskinin mətbuat konfransı isə saat 14:30-da başlayacaq. Mətbuat konfransında hər klubdan baş məşqçiylə yanaşı bir futbolçunun iştirakı nəzərdə tutulub.
“Sabah”ın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq oyunöncəsi məşqi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda mayın 28-də saat 12:00-da başlayacaq.
“Qarabağ” klubunun matçöncəsi açıq məşqi planlaşdırılmır.
Qeyd edək ki, "Qarabağ" - "Sabah" oyunu mayın 31-də keçiriləcək.